Müflisləşmə astanasında olan məşhur iş adamı Telman İsmayılovun aktivləri uğrunda mübarizə amansız olacaq. "APA-Economics" Rusiyanın "Vedomosti" qəzetinə istinadən xəbər verir ki, T. İsmayılovun borcunun 1/5-i "BM-Bank" ("VTB Group"un strukturuna daxildir) və iş adamı Sergey Yançukovun "Manqazeya" qrupunun strukturlarının payına düşür.
MİLYARDER NECƏ MÜFLİS OLDU
1980-ci illərin sonunda ticarətlə məşğul olmağa başlayan biznesmen 2006-cı ilədək $620 mln. ("Forbes" nəşrinin hesablamalarına əsasən - red.) qazana bilib. Ona əsas gəliri Moskvanın mərkəzində yerləşən Çerkizov bazarı gətirib. Biznesmen gəlirlərini rentabelli aktivlərə yatırırdı: Moskvanın Arbat adlanan ərazisində yerləşən "Praqa" restoranına, biznes-mərkəzlərə, Nikitsk bulvarında otelin tikintisinə və s. 2006-2009-cu illərdə Türkiyənin Antalya şəhərində lüks "Mardan Palace" otelinin tikintisinə isə İsmayılov $1 mlrd. yatırıb. 2009-cu ildə Çerkizov bazarı bağlandıqdan sonra biznesmenin işləri neqativ istiqamətdə cərəyan etməyə başladı: o, köhnə borclarını qaytarmaq üçün banklardan kredit götürürdü, beləliklə, 2015-ci ilə onun rus və xarici banklar qarşısında borcu az qala aktivlərinin həcmini ötdü. Kreditorlar artıq səbrini itirməyə başladı...
2015-ci ilədək "BM-Bank" İsmayılova borclarını qaytarmağa yardım edirdi. 2012-ci ildə biznesmenin xahişi ilə bank "Ruslayn-2000" şirkətinə $185,43 mln. məbləğində kredit ayırıb ki, bunun hesabına AST Qrupu borcunu bağlaya bilib.
Bir il sonra İsmayılov aktivlərinin əsas hissəsini ofşorlara köçürməyə başladı. Onun maraqlarını müdafiə edən Hollandiyanın "Tropicano Finance B.V." şirkəti "BM-Bank"dan aldığı $55 mln. hesabına "Tounder Holdings Limited"dən "Ergon Incorporate Ltd", "Tigerim Holdings Limited" və "Tounderwide Holdings Ltd" (hamısı Virgin adalarında qeydiyyatdan keçib) şirkətlərinin səhmlərinin 100%-ni ələ keçirib. Öz növbəsində bu ofşorlar "Прага" restoranının, "Tropikano" biznes klubunun və АСТ ticarət mərkəzinin sahibi oldular. Rusiya şirkətlərinin səhmləri və onların daşınmaz əmlakı "BM-Bank"a zamin oldu.
İsmayılov digər aktivlərini oğulları Sərxan və Ələkbərə, o cümlədən qohumu Zaur Mərdanova verdi. Adıçəkilən şəxslərin idarəçiliynə Moskva yaxınlığında 3000 ha torpaq sahəsinə sahib olan AST Qrupun əsas şirkətlər, "Safisa" şadlıq sarayı, "AST qof" oteli, "Marina Qalanteriya" adlı mağaza və s. verildi.
"BM-Bank"dan savayı İsmayılov Yançukovdan da borc alıb. 2010-2011-ci illərdə Yançukovun "Sezaria Limited" şirkəti İsmayılova məxsus "Tandum Limited" şirkətinə $100 mln. məbləğində iki tranşlı kredit ayırıb. 2011-ci ildə İsmayılov Vitali Maşitski adlı biznesmendən 2 mlrd. rubl, "Deutsche Bank"dan isə 1 mlrd. rubl məbləğində borc alıb.
Nəticədə İsmayılov kreditorlarla hesablaşa bilməyib. Məhkəməyə ilk müraciət edən Yançukov olub. 2014-cü ildə "Sezaria Limited" Nikossia (Kipr) məhkəməsinin qərarı ilə İsmayılovun aktivlərinin həbsinə nail olur. 2015-ci ildə isə həmin şirkətin iddiası əsasında Londonun kommersiya arbitraj məhkəməsi İsmayılovdan $146 mln. müsadirə olunması barədə qərar qəbul edir. Bu qərarı Moskvanın arbitraj məhkəməsi də təsdiqləyir.
Yançukovla yanaşı "BM-Bank" da İsmayılovdan borcu tələb etməyə başlayır. 2015-ci ilin ilin iyununda bank Moskvanın abritraj məhkəməsində iddia qaldıraraq AST Qrupdan və şəxsən biznesmendən $213 mln. dollar tələb etdi.
Paralel olaraq Türkiyənin "Halk Bankası" və "Garanti Bankası" İsmayılovdan $200 mln. dollar məbləğində borclarını tələb etməyə başladılar. Qeyd edilən vəsait "Mardan Palace" otelinin tikintisi üçün götürülüb.
MÜFLİSLİK YARIŞI
İsmayılovun fərdi müflisliyi barədə ilk məhkəmə iddiasını 2015-ci ilin oktyabrın 5-də "BM-Bank" qaldırdı. Bank biznesmendən 17,4 mlrd. rubl tələb edirdi. İş adamının nümayəndələri bankın hərəkətlərindən narahatçılıq hissi keçirdiklərini bəyan ediblər. Kredit götürülərkən təminat qismində AST Qrupun iri aktivləri ("Praqa" restoranının binası, "Tropikano" MMC-yə məxsus biznes klub, İzmaylovo da yerləşən və bazar dəyəri $250 mln. olan ticarət mərkəzi) çıxış edib. Biznesmenin maliyyə durumu pisləşdikdən sonra adı çəkilməyən bir şəxs iki obyekti müvafiq olaraq $150 mln. almaq niyyətindı idi və bunun üçün hətta banka $15 mln. məbləğində təminat vermişdi. Lakin naməlum səbəbdən bank əqdə razı olmadı və borcun alınmasına nail olmaq istədi. Maraqdlır ki, borc AST Qrupdan deyil, İsmayılovun şəxsən özündən tələb olundu.
"BM-Bank" borclunun məlum ünvanı üzrə Mokva şəhərinin arbitraj məhkəməsinə ərizə göndərdi. Lakin ünvan səhv çıxdı. İsmayılov isə bu zaman ərzində yeni ünvana qeydiyyata düşməyi bacardı. Bunu aydınlaşdırmaq zaman tələb etdi. Nəticədə Moskva arbitraj məhkəməsi yalnız dekabrın işi baxılması üçün 21-i Moskva vilayətinin arbitraj məhkəməsinə göndərdi.
Həmin məhkəməyə noyabrın 19-da eyni vaxtda İsmayılovun müflis elan olunması barədə iki iddia daxil olur - biri biznesmenin öz adından, digəri onun köhnə tanışı Boris Zubkovdan. İsmayılovun Zubkova gülünc hesab olunan məbləğdə borcu vari idi - 15 mln. rubl. İsmayılovun iddiasına məhkəmə baxmadı. Səbəb isə prosedur qaydalarının pozuntusu idi. Lakin Zubkovun iddiаsı həmin gün təmin olundu. Məhz həmin gün şəhər məhkəməsi vilayət məhkəməsinə müraciət etmişdi. Cavabdehin açıqlamasından aydın olur ki, İsmayılovun daimi gəlir mənbəyi yoxdur, onun bank hesabında cəmi 27 min rubl vəsait qalıb, ona cəmi 1 torpaq sahəsi məxsusdur və onun kadastr dəyəri 14 mln. rubldur.
REDAKSİYADAN: "Telman İsmayılovun müflis elan olunması ilə bağlı məhkəmə qarşısında iddia qaldıran Boris Zubkov biznesmenin köhnə tanışıdır. İsmayılov məhz Zubkovdan "Tropikano" MMC-ni alıb. Həmin MMC 2010-cu ildə biznes mərkəzi tikib. Əqd iki mərhələli olub. 2005-ci ildə İsmayılova məxsus olan AST Qrupu "Tropikano" MMC-nin səhmlərinin 50%-ni İnessa Şahverdiyevadan alıb. Səhmlərin qalan 50%-i isə Şahverdiyevanın tərəfdaşı olan Zubkovda qalıb. 2013-cü ildə Zubkov və AST Qrupu "Tropikano" MMC-nin səhmlərinin 100%-ni Azərbaycan əsilli biznesmenə yaxın olan "Tounderwide Holdings LTD"-yə (Böyük Britaniyann Virgin adaları) satıblar.
Maraqlıdır ki, İsmayılovun kreditorları arasında daha bir maraqlı Kiprin ofşor şirkərti peyda olub. Şirkət iddia edir ki, biznesmenin ona olan borcu "BM-Bank"a olan borcdan daha çoxdur. 2013-cü ildə yaradılan "Pevrelok Investments Limited" iddia edib ki, İsmayılovun ona 26,56 mlrd. rubl borcu var. Şirkətin vahid sahibi Froso Hacisavva adlı şəxsdir. Hacisavva 1994-cü ildə yaradılan "Diagoras (Secretarial) Limited" adlı katiblik şirkətinin əməkdaşıdır. "Diagoras" aralarında VTB kimi iri Rusiya banklarının olduğu minlərlə şirkətə katiblik xidməti göstərir".
Məhkəmənin qərarına etiraz etmək üçün "BM-Bank"a 1 il və 3 məhkəmə instansiyası lazım oldu. İşi diqqətlə analiz edən məhkəmə 2016-cı ilin avqust ayında İsmaylovu müflis elan edib və onu bankın borclananlar reyestrinə daxil edib, borcun isə restrukturizasiya olunması barədə qərar qəbul edib. İsmayılov qərarla bağlı apellyasiya şikayəti verib.
2015-ci ilin payızında hər kəs elə bilirdi ki, kreditorlar İsmayılovun əsas aktivlərini ələ keçirib. Ötən ilin noyabrında Türkiyədə "Mardan Palace" hərraca çıxarılaraq satılıb. İsmayılovun kreditorlarından biri olan "Halk Bankası" otel üçün cəmi $124 mln. ödəyib ki, bu da onun tikintisinə çəkilən xərcdən 10 dəfə azdır. "BM-Bank" hələ 2015-ci ilin iyununda "Praqa", "Tropikano" və AST ticarət mərkəzinin sahibi olan şirkətlərin baş direktorlarının dəyişilməsini istəyib. Hər 3 şirkətin yeni rəhbəri bu vaxtadək VTB-də müxtəlif vəzifələrdə çalışan Vladimir Tsıpin oldu. Dekabrda isə məhkəmənin qərarı ilə AST Qrup banka $213 mln. ödəməli oldu. Ardınca bankın Direktorlar Şurasının qərarı ilə "BM-Bank" "Praqa-AST" MMC, "Ruslayn 2000" MMC və "Tropikano" MMC-nin nizamnamə kapitalında iştirak payını artırdı.
YENİ KREDİTORLAR
Arbitraj məhkəməsi 2016-cı ilin iki ayı ərzində Zubkovun İsmayılova qarşı iddiasına baxarkən, biznesmenin kreditorları ona qarşı ümumi dəyəri 160 mlrd. rubl olan iddia qaldırıb. Bu məbləğin 20%-i "BM-Bank" (17,4 mlrd. rubl) və "Manqazeya" şirkətinin (10,4 mlrd. rubl) payına düşür. Qəfildən İsmayılovun ən iri kreditoru Kiprdə qeydiyyatdan keçən "Akyla Trading Limited" şirkəti olub. Şirkət biznesmendən 48 mlrd. rubl tələb edir. "Chevrex Limited", "Coretix Limited", "Pentecost Limited" və "Apeldon Consultants (Overseas) Limited" kimi ofşor şirkətlər isə ümumilikdə 31,57 mlrd. rubl tələb edib. Bəs görəsən bu şirkətlər nə iş görür?
Arbitraj sənədlərin təhlili göstərir ki, "Akyla Trading Limited" "Whittingham Worldwide Ltd" şirkətindən İsmayılovun strukturlarına qarşı iddia qaldırmaq hüququ əldə edib. "Whittingham Worldwide Ltd" 2000-ci illərin ortalarında İsmayılovun Türkiyədəki şirkəti olan "AST Insaat Turizm"i maliyyələşdirib. "Financial Times" iddia edir ki, "Whittingham Worldwide Ltd" rusiyalı milyarder Süleyman Kərimova məxsusdur.
Bütün ofşor şirkətlər İsmayılovun kreditorlarıdır və onlar birbaşa və ya dolayı olaraq Kiprin servis şirkəti olan "Menwin Management Limited" ilə bağlıdır. "Menwin" İsmayılovun aktivlərini idarə edib.
Qəzet mənbələrinə istinadən yazır ki, AST Qrupun aktivləri uğrunda mübarizə aparan üçüncü şəxslərin arxasında İsmayılovun özü durur.