Azərbaycana idxal edilən kərə yağı üçün tətbiq edilən gömrük idxal rüsumlarının 3 dəfə azaldılması bu məhsulun pərakəndə satış qiymətinə də təsirsiz ötüşməyəcək.
RePost.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin rəisi Mirqasım Vahabov bildirib.
"Bilirsiniz ki, Nazirlər Kabineti "Azərbaycan ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri"ndə müvafiq dəyişiklik edib. İndiyə qədər \
Azərbaycana idxal edilən kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları bu malların gömrük dəyərinin 15%-i həcmində olub. Qərara əsasən kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları bu malların gömrük dəyərinin 5%-i həcmində müəyyənləşib. Beləliklə, rüsumlar 10% və 3 dəfə azaldılıb. Bununla bağlı ölkə başçısının xüsusi tapşırığı var idi və hökumət bununla bağlı dərhal müvafiq addım atdı", - deyə qurum rəsmisi bildirib.
Onun sözlərinə görə, rüsumların azaldılması pərakəndə satış qiymətlərinə də təsir edəcək: "Əhali bunu tez bir zamanda hiss edəcək. Rüsumlar azaldılıbsa, bu, kərə yağının pərakəndə satış qiymətinə də təsir edəcək. Qiymətlərin yüksək olmasına görə bir çoxları idxalçıları qınayırdı. Lakin nəzərə almalıyıq ki, kərə yağı Azərbaycana Yeni Zelandiyadan idxal olunur ki, orada da bahalaşma baş verib. Üstəlik, nəqliyyat xərcləri, dolların məzənnəsi kimi faktorlar da nəzərə alınmalıdır. Hökumət rüsumları azaltmaqla kərə yağının ucuzlaşmasına şərait yaratmış oldu".
Qeyd edək ki, yuxarıda qeyd edilən qərar dərc edildiyi gündən (bu gündən) 30 gün sonra qüvvəyə minir və 2019-cu il dekabrın 31-dək qüvvədədir.
RePost.Az