Bu gün Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur.

Milli Dirçəliş günü 25 il əvvəl - 17 noyabr 1992-ci ildə elan olunub.

Bu bayram 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda başlayan milli-azadlıq hərəkatı ilə bağlıdır.

Həmin vaxt Sovet rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı antiazərbaycan siyasəti nəticəsində Azərbaycanda anti-sovet xalq hərəkatı təşəkkül tapdı. 17 noyabr 1988-ci ildə Bakının əsas meydanı sayılan Azadlıqda (keçmiş Lenin) Azərbaycan xalqının uzunmüddətli mitinqləri başladı. Milyonlarla insan meydana toplaşaraq Moskvanın anti-Azərbaycan siyasətinə qarşı çıxdı. Dekabrın əvvəllərində mitinqlər SSRİ-nin daxili qoşunları tərəfindən dağıdılsa da, Moskva Azərbaycan xalqının milli azadlıq hərəkatının qarşısını ala bilmədi.

1989-cu ilin iyununda Azərbaycan Xalq Cəbhəsi (AXC) təsis edildi. Elə həmin ilin sentyabrında Ali Sovetin Azərbaycanın suverenliyi haqqında Konstitusiya Aktını qəbul etməsi Moskvanı daha da qıcıqlandırdı və 1990-cı ilin 19-20 yanvarında Bakıya qoşun yeridildi. Mitinq iştirakçılarına qarşı ağır texnika və odlu silahdan istifadə edildi. Yüzlərlə aksiya iştirakçıları və dinc sakin vəhşicəsinə qətlə yetirildi. Amma bu hadisə xalqımızın milli qürurunu sındıra bilmədi. Əksinə, azadlıq hərəkatını daha da sürətləndirdi. 1990-cı il seçkilərində AXC rəhbərlərinin əksəriyyəti Ali Sovetin deputatı mandatını qazandılar və Demokratik Blok adlı fraksiya yaratdılar. 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin bərpa edildiyi elan olundu. 1992-ci ilin mayında isə AXC hakimiyyətə gəldi. Qısa müddət ərzində Azərbaycan Respublikasının müstəqilliyinə real təhlükə olan SSRİ qoşunları Azərbaycandan çıxarlıdı. 


Baxış sayı: 3713 | Tarix: 17.11.2017
Bizi Telegramda izləyin: @repostaz