AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda akademik Ramiz Məmmədovun sədrliyi ilə keçən elmi seminarda İnstitutun İnsan coğrafiyası istiqamətinin rəhbəri, Zakir Eminov “Müstəqillik illərinin əsas nailiyyətləri: iqtisadi-coğrafi və demoqrafik aspektlər” mövzusunda məruzə edib.
 
İnstitutdan RePost.Az-a verilən məlumata görə, məruzəçi müstəqillik illərində iqtisadi islahatların istiqamətləri, qeyri-neft sektorunun inkişafının əsas nəticələri, demoqrafik vəziyyət, əhalinin miqrasiyası və sayının dəyişməsi və s. istiqamətlərdə tədqiqatlar aparıb, bir sıra nəticələr əldə edib. Məruzədə bildirilir ki, müstəqilliyin ilk illərindən iqtisadi çətinliklərin aradan qaldırılması üçün islahatlara başlanmış, bu istiqamətdə bir sıra Dövlət Proqramları qəbul edilib. Sənayeləşmənin, qeyri-neft sektorunun, sahibkarlığın inkişafı nəticəsində qeyri-neft sənayesi 5 faiz, kənd təsərrüfatı məhsulları istehsalı isə görülmüş tədbirlər nəticəsində 2,6 faiz artıb. 2016-cı ildə ölkəmizdə 100 mindən çox daimi iş yeri açılmış, 485 məktəb təmir edilib, 29 yeni məktəb tikilib, 41 xəstəxana tikilib və ya təmir edilib.
 
Sənayenin inkişafı üçün əsaslı tədbirlər görülür, sənaye parkları və məhəllələri yaradılır. Qəbul edilmiş Proqramlara əsasən ilk mərhələdə doqquz müasir fabrik tikiləcək və minlərlə iş yeri yaradılacaqdır. Bir neçə zavodun tikintisi nəzərdə tutulur. Balaxanı Sənaye Parkının və Masallı şəhərində sənaye zonasının inkişafı üçün işlər aparılır. Tədqiqatçı həmçinin əhalinin təbii artımının kənd və şəhərlər, iri və orta sənaye mərkəzləri üzrə təsnifatını verib, Azərbaycanın inzibati rayon və şəhərləri üzrə hər 1000 nəfər doğulan körpəyə görə ölüm əmsallarının dəyişməsini göstərib.
 
Bildirilir ki, son 20-25 il ərzində respublikada sosial-iqtisadi dəyişikliklərin baş verməsi demoqrafik proseslərə öz təsirini göstərib, təbii artım göstəriciləri aşağı düşmüş, ölüm yüksəlmişdir. Hazırda demorqafik göstəricilərdə sabitləşmə müşahidə edilir. Demoqrafik göstəricilərin nizamlanması üçün daha fəal demoqrafik siyasətin həyata keçirilməsinə, analara və uşaqlara göstərilən dövlət qayğısının artırılmasına böyük ehtiyac vardır.
 
Miqrasiya məsələlərinə toxunan alim qeyd edib ki, 1990-1995-ci illərdə Rusiyaya MDB və Baltikyanı ölkələrdən köç edənlər 39,9%, Azərbaycandan bu ölkələrə miqrasiya edənlər isə 61,6% təşkil edib. Son dövrlərdə isə ölkədən Rusiyaya gedənlərin sayı xeyli azalıb. Hazırda Bakıda rusların sayı 120 min olmaqla, Respublikada 140 mindir, ermənilər isə Bakıda 20 min, ölkədə isə 120 mindirlər.
 
RePost.Az

Baxış sayı: 3789 | Tarix: 22.11.2017
Bizi Telegramda izləyin: @repostaz