Azərbaycan Tarif (qiymət) Şurasının 2016-cı il 28 noyabr tarixində keçirilmiş növbəti iclasında təbii qaz, elektrik enerjisi, soba mazutu, reaktiv mühərrik yanacağının satışı tariflərinə baxılıb və müvafiq tarif tənzimlənməsi aparılıb.

Şuradan RePost.Az-averilən məlumata görə, iclasda, həmçinin yeni dərman vasitələrinin satış qiymətləri təsdiq edilib, indiyədək təsdiq olunmuş dərman vasitələrinin qiymətləri manatın hazırkı məzənnəsinə uyğunlaşdırılıb.

Belə ki, təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib.

Elektrik enerjisi istehsalında təbii qazın əhəmiyyətli rolu olduğu üçün elektrik enerjisinin qiymətinin kəskin artımının qarşısını almaq məqsədilə Şuranın qərarı ilə təbii qazın tarifi elektrik enerjisi istehsalı müəssisələri üzrə min kubmetr üçün 120 manat, qeyri-əhali istehlakçı qrupu üzrə isə 200 manat səviyyəsində təsdiq edilib.

Təbii qazın əhali istehlakçı qrupu üzrə tarifləri 2017-ci il yanvarın 1-dən, qeyri-əhali qrupu üçün isə 2016-cı ilin 1 dekabr tarixindən tətbiq olunacaq.

Təbii qaz tariflərinin dəyişdirilməsi elektrik enerjisi üzrə tariflərə də yenidən baxılmasını zəruri edib və elektrik enerjisinin bir kilovat-saat üçün topdansatış tarifi 5,7 qəpik təsdiq edilib, pərakəndə satış tarifi isə sosial siyasətə uyğun olaraq, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb, aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.

Enerji təchizatı birbaşa 35 və 110 kilovoltluq xətlərlə həyata keçirilən, istehsal məqsədləri üçün orta aylıq enerji istehlakı 5 milyon kilovat-saatdan az olmayan kimya və alüminium sənayesi, dağ-mədən filizi əsasında poladəritmə istehsalı müəssisələri üçün elektrik enerjisinin bir kilovat-saat üçün topdansatış tarifi gecə və gündüz vaxtı üzrə müvafiq olaraq 2,8 qəpik və 5,8 qəpik təsdiq edilib.

Bununla yanaşı, ekoloji cəhətdən daha təmiz olan alternativ və bərpa olunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalının stimullaşdırılması və təbii qaza qənaət olunması məqsədilə özəl kiçik su elektrik stansiyaları üzrə elektrik enerjisinin istehsalçıdan satınalma tarifi bir kilovat-saat üçün 5 qəpik, külək elektrik stansiyaları üzrə 5,5 qəpik, digər alternativ və bərpa olunan mənbələr üzrə isə 5,7 qəpik müəyyənləşdirilib.

İclasda Dövlət Neft Şirkəti, "Azərenerji” ASC və "Azərişıq” ASC-yə itkilərin azaldılması üçün ciddi tədbirlərin görülməsi və növbəti üç il üzrə itkilərin azaldılması qrafikinin Tarif (qiymət) Şurasına təqdim edilməsi tapşırılıb. Elektrik enerjisi ilə bağlı qərar 2016-cı ilin 1 dekabr tarixindən qüvvəyə minir.

Şuranın iclasında həmçinin, Dövlət Neft Şirkətinin soba mazutu və reaktiv mühərrik yanacağının qiymətinə yenidən baxılması barədə müraciəti, ölkə daxilində istehsal olunan reaktiv mühərrik yanacağının əsas hissəsinin "Azərbaycan Hava Yolları” QSC tərəfindən istifadə olunduğu və beynəlxalq uçuşlarda xarici aviaşirkətlərin tariflərinə uyğun daşıma tariflərinin tətbiq edildiyi nəzərə alınaraq, reaktiv mühərrik yanacağının qiyməti 550 manat/ton, soba mazutunun qiyməti təbii qazın yeni qiymətinə ekvivalent olaraq 240 manat/ton səviyyəsində müəyyənləşdirilib.

İclasda həmçinin, 300-dən artıq yeni dərman vasitəsinin satış qiymətləri təsdiq edilib, eləcə də indiyədək təsdiq olunmuş dərman vasitələrinin qiymətləri manatın hazırkı məzənnəsinə uyğunlaşdırılıb. Şuranın qərarı 2016-cı ilin 29 noyabr tarixindən qüvvəyə minir.

RePost.Az

 


Baxış sayı: 4454 | Tarix: 28.11.2016
Bizi Telegramda izləyin: @repostaz