Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 22 dekabr 2016-cı il tarixli, 19 nömrəli qərarına uyğun olaraq 2017-ci ilin yanvar ayının 1-dən etibarən əhali qrupu üzrə istehlak olunan təbii qazın illik həcminin 1700 kubmetr olan hissəsinin dəyəri 10 qəpiklə, 1700 kubmetrdən artıq istifadə olunan hər kubmetr qazın dəyəri isə 20 qəpiklə hesablanır.
RePost.Az “Azəriqaz” İstehsalat Birliyinə istinadla verdiyi məlumata görə, 2017-ci il üçün təyin olunmuş limit dekabr ayının sonunda sıfırlanacaqdır, 2017-ci ildə olduğu kimi 2018-ci ilin yanvar ayının 1-dən etibarən əhali istehlakçılarının illik istehlak həcmi 1700 kubmetr (170 AZN) 10 qəpik tarifiylə, illik istehlak həcminin 1700 kubmetrdən (170 AZN) artıq olan hissəsinin hər kubmetri isə 20 qəpik tarifiylə hesablanacaq.
Həmçinin Smart İTRON məişət qaz sayğaclarından istifadə edən əhali istehlakçıları üzrə 1700 kub metr limit 01.01.2018-ci il tarixdən başlayaraq smartkarta aparılan ilk odəniş əməliyyatından etibarən hesablanacaqdır. Onu da qeyd edək ki, cari il ərzində abonentlərin istehlak etdikləri təbii qazın monitorinqi aparılmış və məlum olmuşdur ki, mexaniki qaz sayğacı ilə təmin olunan abonentlərin 20%-i ayrılmış illik limiti keçmişdir.
“Azəriqaz” İstehsalat Birliyi istifadə olunmuş təbii qazın uçotunun aparılması və istehlakçıların məlumatlandırılması məqsədi ilə bildirir ki, dekabr ayının sonundan etibarən 2017-ci il üçün nəzərdə tutulmuş limit başa çatdırılacaq və növbəti il üçün limitin hesablanmasına start veriləcəkdir.
Odur ki, hesabatların vaxtında aparılması məqsədilə, sayğacların göstəricilərinin tam oxunması və bildirişlərin paylanması üçün “Azəriqaz” İB-nin əməkdaşlarına şərait yaradılması istehlakçılardan xahiş olunur.
RePost.Az