Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən yaxın aylar ərzində keçirilməsi nəzərdə tutulan ali təhsil müəssisələrinə I-IV ixtisas qrupları üzrə birinci (yaz) qəbul imtahanlarının, magistratura və rezidenturaya qəbul imtahanlarının birinci mərhələsinin, ümumi orta (9 illik) təhsil bazasında təhsilalanların buraxılış imtahanlarının birinci mərhələsinin, sınaq imtahanlarının tarixləri müəyyən olunub.
DİM-dən
RePost.Az-a verilən məlumata görə, ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə birinci (yaz) qəbul imtahanı mayın 13-də, I və IV ixtisas qrupları üzrə isə mayın 20-də keçiriləcək.
Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq istəyənlər üçün sınaq imtahanlarının 1, 15, 29 aprel tarixlərində və iyun ayında (1 dəfə) keçirilməsi nəzərdə tutulur.
Ali təhsil müəssisələrinə, ümumi və tam orta (9 illik və 11 illik) təhsil bazasında kolleclərə qəbul olmaq istəyən və qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər üçün “Azərbaycan dili” fənni üzrə birinci imtahan aprelin 22-də, ikinci imtahan isə iyunun 10-da keçiriləcək.
Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının I mərhələsi fevralın 25-də, rezidenturaya qəbulun birinci mərhələsi isə aprelin 1-də olacaq.
yanvarın 19 və 27-də rezidenturaya qəbul olmaq istəyənlər üçün elektron sınaq imtahanı (baza fənləri üzrə), fevralın 4-də isə magistraturaya qəbul olmaq istəyənlər üçün kağız daşıyıcılar vasitəsilə sınaq imtahanı (I mərhələ üzrə) keçiriləcək.
Bakı şəhəri və bölgələr üzrə ümumi (9 illik) orta təhsil bazasında təhsilalanlar üçün buraxılış imtahanlarının birinci mərhələsi 4, 11 və 18 mart tarixlərində təşkil olunacaq.
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən (həmçinin eksternat qaydasında buraxılış imtahanı verən) əvvəlki illərin məzunları üçün qəbul imtahanlarının birinci mərhələsi 8 aprel tarixində keçiriləcək.
Peşə liseylərinin şagirdləri (11-ci sinif) üçün buraxılış imtahanı martın 18-də olacaq.
Məlumatda o da bildirilir ki, DİM tərəfindən keçirilən imtahanlar kütləvi xarakter daşıdığı üçün tədbirlərin qrafiki bir neçə dövlət orqanı ilə birgə müzakirə olunur, razılaşdırılır və yekun qərar qəbul olunduqdan sonra ictimaiyyətə elan olunur. Digər imtahanların da qrafiki müəyyən olunduqdan sonra KİV-də məlumat veriləcək və Mərkəzin saytının “təqvim” bölməsinə əlavə ediləcək.
RePost.Az