Həbsdə olan müğənni Fədayə Laçının bacısı İlahə Fədanın müsahibəsini təqdim edirik:
– İlahə xanım, kirayə pulunu ödəyə bilmədiyiniz üçün evdən çıxarılacağınız barədə xəbərlər yayıldı. İndi vəziyyət necədir?
– Bu barədə danışmaq mənə ağırdır. Nə qədər ki, Fədayə azadlığa çıxmayıb, yəqin ki, vəziyyətimiz düzəlməyəcək. Amma dar gündə yanımızda olan dostlar sağ olsun.
– Manaf Ağayevdən başqa Fədayənin sənət dostlarından kimlər sizin ailə ilə maraqlanır, kömək əlini uzadır?
– Brilliant Dadaşova, Nazpəri Dostəliyeva, Nadir Qafarzadə, Ədalət Şükürov, Ehtiram Hüseynov, Lalə Məmmədova həm mənəvi, həm də maddi dəstək olub. Sağ olsunlar, dostlar dar gündə tanınar. Onların yaxşılığını heç vaxt unutmarıq. Əlbəttə gün gələcək, Fədayə azadlığa çıxacaq, sular durulacaq.
– Bəs qohumlarınız sizə əl tuturmu?
– Xalalarım və xalam uşaqları həmişə maraqlanır və maddi dəstək göstərir.
– Fədayə ilə sounucu dəfə nə vaxt telefon danışığınız olub?
– İki gün əvvəl.
– Ailənizdəki maddi sıxıntılardan xəbəri varmı?
– Əlbəttə var və buna görə çox əziyyət çəkir. Dörd divar arasında nə edə bilər ki? Amma heç vaxt bu barədə fikirlərini bizimlə paylaşmır. O dərdini içində çəkir.
– Ən çox kimdən nigarandır?
– Ailə üzvlərinin hamısından. Bilir ki, anam onun dərdinə dözə bilmir. Elə gün yoxdur ki, anam göz yaşı tökməsin. Hər gün gözü qapıdadır, Fədayənin qapıdan içəri girəcəyi günü gözləyir. Deyir balam xəstədir, görəsən dörd divar arasında nə edir, dava-dərmanını vaxtında qəbul edirmi? Sözü-söhbəti ancaq Fədayədir.
– Atanızla da yenicə barışmışdınız. Fədayə ilə heç telefonla danışırmı?
– Yox, atam bizdən ayrı yaşayır. O da xəstə adamdır, qara ciyəri dəyişdirilib, dava-dərmanla yaşayır. Əlindən nə gəlir ki…
– Şou-proqramlardan uzaqlaşdırıldığınızı ona dediniz?
– Mən əslində şou-proqramlara getmirəm. 20 il əvvəl Azərbaycanda iki məşhur şadlıq evində şou-proqramlar olanda, başda məni dəvət edirdilər. Amma sonralar şou-proqramlara getmədim. Mən sadəcə efirdə vaxtilə məni toy məclislərinə dəvət edən adamlardan gileylənmişdim. Onlar məni məclislərinə dəvət etmirlər. Eybi yox, hər kəsin həyatında çətin günlər olur. Bu da keçəcək, Fədayə həbsdən də çıxacaq. Əvvəlki kimi xoşbəxt həyatımız davam edəcək. Həmin adamlar görüm onda üzümüzə necə baxacaq?(Yeniçağ.az)
RePost.Az