İranda 2017-ci ilin son günlərində iqtisadi problemlər və rejimin ədalətsizliyi ilə bağlı keçirilən etiraz aksiyaları zamanı Azərbaycanın Urmu və Təbriz şəhərində saxlanılan şəxslər barəsində həbs qərarı çıxarılıb. 
 
RePost.Az Günaz Tv-yə istinadən xəbər verir ki, Urmu İnqilab Məhkəməsinin 3-cü Şöbəsi saxlanılanlardan 5 nəfrin milli təhlükəsizliyi pozmaq və sistemin əleyhinə təbliğat aparmaqda ittiham edərək barələrində həbs qərarı verib. Mətin Xalidi və Əmin Zendedel hər biri 6 il, Nasir Həsəni və Səfər Orduxani 12 ay və xanım Monirə Sultanzadə 6 ay həbs cəzasına məhkum edilib.
 
Hazırda onların hamısı, Mətin Xalidi istisna olmaqla, girov qarşılığında azadlıqdadır. Təbrizdə isə saxlanılanlardan 8-i iki fərqli ittihamla həbs cəzasına məhkum olunub. Məlumata görə, Təbriz Cəza Məhkəməsinin 103-cü Şöbəsi Əli Kamrani, Mehdi Haqqpərəst, Əmir Dehqan Sefidan, Röya Səğiri, Rəhim Tatarpur, Kamil Soveyti və Məhəmməd Şetabi Fərdini, qanunsuz yığıncağa qatılmaq  yolu ilə ümumi asayişi pozmaqda günahlandıraraq hər birini 1 il şərti həbs cəzasına məhkum edib.
 
“Herana “xəbər agentliyinin yaydığı məlumata görə, xanım Röya Səğirinin ittihamlarından biri də “baş örtüyünü açaraq ictimai yerdə hicabsız görünmək”dən ibarət olub. Cəza Məhkəməsinin 103-cü Şöbəsinin çıxardığı hökmdə həmçinin bildirilib ki, İslam Cəza Qanunlarının 513-cü maddəsinə əsasən, müqəddəsləri təhqir edən müttəhimlərin cəzası edamdır, lakin məhkəmənin bu ittihama baxması üçün səlahiyyəti yoxdur.
 
Məlumata görə, Sədra Vəlinəjad və Lütfulla Karkona qarşı irəli sürülən ittiham sübuta yetirilmədiyi üçün barələrində bəraət hökmü çıxarılıb. Başqa bir cnayət işinə görə xanım Röya Səğiri və Nəriman Vəlidoxt, Təbriz İnqilab Məhkəməsinin 2-ci Şöbəsi tərəfindən sistemin əleyhinə təbliğat aparmaq ittihamı ilə 8 ay və rəhbəri təhqir etmək ittihamı ilə 15 ay azadlıqdan məhrum edilib. Eyni ittihamlarla Məhəmməd Şetabi Fərd və Əli Kamrani saxlanma müddətləri hesablanmaqla 3 ay həbsə məhkum edilib. Təbriz İnqilab Məhkəməsinin 2-ci Şöbəsi də etiraz aksiyalarını video kameraya çəkməkdə günahlandırılan Lütfulla Karkona bəraət verib. Bundan öncə sözügedən eyləmlər zamanı Təbrizdə tutulan Əli Qədiri haqda həbs qərarı çıxarılmışdı.
 
RePost.Az
 
 
 
 
 

Baxış sayı: 7171 | Tarix: 26.03.2018
Bizi Telegramda izləyin: @repostaz