Bakı şəhərində avtonəqliyyat vasitələrinin və piyadaların rahat, maneəsiz və təhlükəsiz şəkildə hərəkətini təmin etmək istiqamətində “Azəravtoyol” ASC tərəfindən aparılan kompleks tədbirlər çərçivəsində Binəqədi rayonu Cəfər Xəndan küçəsinin daha bir hissəsində təmir işləri aparılır.
 
Qurumdan RePost.Az-a verilən məlumata görə, təmir işlərinin aparıldığı ərazi Cəfər Xəndan küçəsinin Şövkət Məmmədova və İbrahimpaşa Dadaşov küçələri arasında yerləşən 350 metrlik hissəsidir. Küçənin eni bu hissədə 16 metr təşkil edir.
 
Hazırda küçənin sözügedən hissəsində yeni yeraltı kommunikasiya xəttinin çəkilişi işləri aparılır. Daha sonra yolun hərəkət hissəsindən səth sularının normal kənarlaşdırılmasını təmin etmək məqsədi ilə mövcud yağış-kanalizasiya xətləri işlək vəziyyətə salınacaq, zəruri olan yerlərdə yeni xətt çəkilərək yağış barmaqlıqları qoyulacaq.
 
Təmir işləri çərçivəsində köhnə asfalt-beton örtük 2 qat olmaqla yenisi ilə əvəz olunacaq, mövcud piyada səkiləri isə bərpa olunacaq. Ümumilikdə küçənin sözügedən hissəsində 5500 m2 sahəyə yeni asfalt-beton örtük döşənəcək, piyada səkilərinin kənarlarına isə 700 paqon-metr yeni səki daşları düzüləcək.
 
Qeyd edək ki, bundan öncə Cəfər Xəndan küçəsinin Azadlıq prospekti ilə Qəzənfər Musabəyov küçəsi arasında yerləşən 700 metrlik, həmçinin Əhməd Rəcəbli və Şövkət Məmədova küçələri arasında yerləşən 750 metrlik hisslərində təmir işləri aparılaraq yekunlaşdırılıb. Sözügedən hissələr müasir görkəmdə təmir edilərək, hərəkətin normal təşkili üçün zəruri yol nişanları, yolcizgi və yolgöstərici xətlərlə təmin edilərək vətəndaşların istifadəsinə verilib.
 
Növbəti etapda son olaraq küçənin İbrahimpaşa Dadaşov və Azadlıq prospekti arasında yerləşən 550 metrlik hissəsinin təmir edilməsi nəzərdə tutulub.
 
RePost.Az
 


Baxış sayı: 4549 | Tarix: 28.12.2016
Bizi Telegramda izləyin: @repostaz