“Cari ildə mayın 4-dək Urmu gölündə suyun səviyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 21 santimetr aşağı düşüb. Hazırda suyun səviyyəsi 1270.76 metrdir ki, bu rəqəm ötən ilin eyni dövründə 1270.97 metr olub”.
RePost.Az-ın Günaz Tv-yə istinadən məlumatına görə, bu barədə Şərqi Azərbaycanın Gölməçələr üzrə Katibliyinin məsulu Yədulla Azərhava məlumat verib.
Onun sözlərinə görə, Urmu gölünün su hövzəsinin sahəsi kiçilməklə yanaşı, göldə suyun həcmi də azalıb. “Hazırda Urmu gölünün sahəsi 2299.77 kv. km-dir. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 240.35 kv. km azalma deməkdir. Göldə suyun həcmi isə hazırda 2.03 mlrd. kubmetrdir. Bu rəqəm göldə uzun müddət müşahidə olunan orta hesabla müqayisədə 14.24 mlrd kubmetr azaldığını göstərir”.
Gölməçələr üzrə Katibliyin məsulu əlavə edib ki, cari ildə mayın 4-dək Şərqi Azərbaycanda 334.8 mm yağıntı müşahidə olunub ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 27.9 mm artım deməkdir. Hökumət rəsmisinin də dediyi kimi, bölgədə yağıntının miqdarı artsa da, Urmu gölündə suyun səviyyəsi aşağı düşüb. Bu da hökumət rəsmilərinin bundan əvvəlki bütün iddialarının əksini sübut edir.
RePost.Az