"Azərsu” ASC yaxın illərdə ölkədə su ehtiyatları və ondan istifadənin uçotunun təkmilləşdirilməsi, təbii sərvətin məsuliyyətli şəkildə idarə edilməsi, istehlakçıların fasiləsiz və keyfiyyətli su təchizatı ilə təmini, ümumilikdə su təsərrüfatının idarə olunmasında effektivliyin yüksəldilməsi istiqamətində təkmil normativ-hüquqi baza yaratmaqla zəruri tədbirlər görəcək.
 
Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”ndə əksini tapıb.
 
Sənədə əsasən, görüləcək işlərin nəticəsi olaraq, "Azərsu” itkilərin səbəblərini və bu itkilərin ən çox baş verdiyi sahələri müəyyən etmək üçün, zərurət yaranacağı halda ekspertlər cəlb etməklə, mövcudşəbəkənin hərtərəfli qiymətləndirilməsini həyata keçirəcək: "Bu qiymətləndirmənin nəticələrinə əsasən, ASC zəruri tədbirlər görəcək. Həmçinin, müqayisəli araşdırmalar apararaq, itkilərin azaldılması istiqamətində görüləcək zəruri tədbirlər üzrə tələb olunan vaxt qrafikini, o cümlədən infrastrukturun yenidən qurulmasının mümkün xərclərini müəyyən etməklə, maliyyələşmə mənbəyini əks etdirən baş plan hazırlayacaq və bu xərclərə əməl olunmasını idarəetmə üzrə ƏİG-yə əlavə edəcək. Ölkədə su ehtiyatlarının və onlardan istifadənin uçotunun təkmilləşdirilməsi, sudan ödənişli istifadənin təyinatının müəyyənləşdirilməsi, bu sektor üzrə vahid tarif siyasətinin həyata keçirilməsi və digər mərhələlər üzrə sudan istifadə haqqının sərfəli tənzimlənməsi istiqamətində tədbirlər görəcək”.
 
Eyni zamanda sənəddə bildirilir ki, müvafiq dövlət qurumu su və kanalizasiya xidmətləri üzrə optimal tarif səviyyəsini nəzərdən keçirəcək: "İstehlak həcmlərindəki dəyişikliklərin tariflərə mümkün təsirlərini təhlil edərək, habelə GINI indeksi və ya istehlak gücü nəzərə alınmaqla, qiymətlərin cəmiyyət üçün optimal səviyyəsinin müəyyənləşdirilməsi məqsədilə müqayisəli araşdırmalar nəticəsində müəyyən edilən optimal tarif səviyyəsinə uyğunlaşdırılması məsələsinə baxacaq. Həmçinin, istehlakçı kateqoriyaları üzrə minimal tariflərin tətbiq edildiyi istehlak həcmi səviyyələrinin müəyyənləşdirilməsini və bu səviyyələri aşan izafi istehlak üçün daha yüksək tariflərin (dövlət tərəfindən müəyyənləşdirilmiş həddə qədər) tətbiqini nəzərdə tutan ikisəviyyəli tarif sistemi nəzərdən keçirəcək. Bu sistem minimum qiymətqoymanı təmin etməklə və sərfiyyata əsaslanmaqla, qiymətlərin tədricən artımını nəzərdə tutacaq. Sosial proqramların əhatə edəcəyi aztəminatlı əhali və strateji əhəmiyyətli digər istehlakçı qruplarının müəyyənləşdirilməsi məqsədilə aidiyyəti dövlət orqanları ilə işlərin əlaqələndirilməsi istiqamətində tədbirlər görüləcək. Müvafiq dövlət qurumu bu sosial proqramlara uyğun olaraq müəyyənləşdirilən istehlakçı kateqoriyaları üçün güzəştlər tətbiq etməklə, tarif siyasətini həyata keçirəcək. Qeyd olunan meyarlar əsasında müəyyənləşdirilən tariflərin tətbiqindən sonra uzunmüddətli perspektivdə fasiləsiz və keyfiyyətli su təchizatını təmin etmək məqsədilə "Azərsu” suyun istehlak səviyyəsindəki dəyişiklikləri nəzərə almaqla, gələcəkdə sudan istifadə üzrə proqnoz göstəricilərini müəyyənləşdirəcək”.
 
"Strateji Yol Xəritəsii"nə əsasən, bu prioritetin həyata keçirilməsi nəticəsində su istehlakında səmərəlilik yüksəldilərək, 2020-ci ildə real ÜDM-in 12 mln. manat birbaşa və 8 mln. manat dolayı olmaqla, cəmi 20 mln. manat artacağı proqnozlaşdırılır: "Bu sahədə məşğulluğa birbaşa təsir gözlənilmir. ASC-nin paylanmada olan itkilərinin 31%-dən 25%-dək (müəyyən edilən bu hədəf təxminən 211 mln. kub.m olsa da, bençmark hesab edilən 10%-lə müqayisədə hələ də yüksəkdir) endiriləcək. Su infrastrukturunun modernləşdirilməsinə 845 mln. manat investisiya qoyuluşunun tələb olunacağı proqnozlaşdırılır. Son istehlakçı tariflərinin artırılması istehlakçıların ödənişdən yayınma hallarının artmasına və ümumilikdə yığım səviyyəsinin azalmasına səbəb ola bilər”. 

Baxış sayı: 3732 | Tarix: 29.12.2016
Bizi Telegramda izləyin: @repostaz