"Yoldaşımdan ayrılandan sonra kirayələrdə qalmışıq. Kirayə pulunu verə bilməyəndə üç uşağımla məscidlərdə, yolların qırağında yatmışam. Yerimə qabiliyyətimi itirmişəm. Uşaqlarıma baxa bilmirəm, ürəyim gəlmir, amma övladlarımı uşaq evinə vermək istəyirəm".
Aynurə Novruzova danışdıqca kövrəlir, göz yaşlarını silib, yenidən hıçqırtılı səslə danışmağa başlayır... Əslən Ağsu rayonundan olduğunu deyir. 28 yaşı var. Altı ildir ki, yeriyə bilmir. İki ildir, yoldaşından ayrılıb. Üç uşaqla ayda 150 manatlıq pensiyanın ümidinə qaldığını söyləyir.
"Narkozdan sonra ayaqlarım tutuldu..."
Bir otaqlı, üçün-dördə evdə onunla qabaq-qənşər oturmuşuq. Sarı hicabda öləzimiş ümidlərlə 28 illik həyatını, daha doğrusu, 17 yaşından sonra başına gələn müsibətləri danışır. 17 yaşı tamam olmamış Biləsuvardan olan marşrut sürücüsünə ərə verilir. Ardını özü danışsın:
- 2007-ci il sentyabrın 21-də ailə həyatı qurmuşam. Üzr istəyirəm, 2008-ci ildə böyük övladımı itirmişəm. 2012-ci ildə övladım dünyaya gəlib. Övladım dünyaya gələndə narkoz qəbul etmişəm. Narkozdan sonra bel nahiyəmdə dəhşətli ağrılar başladı. Doğuş prosesi də çox çətinliklə keçdi. Bel ağrıları getdikcə şiddətləndi. Doğuşdan bir neçə ay sonra yerimə qabiliyyətimi tamamilə itirdim. Ayaqlarım tutuldu. Anamgil Respublika Mərkəzi Xəstəxanasına apardılar. Altı aylıq müalicədən sonra qismən də olsa yeriməyə başladım.
- Bəs sonra nə oldu?
- Sağ olsun, dindar tanışlar öz aralarında pul yığıb, özəl klinikaya apardılar. Orada bütün müayinələrdən keçəndən sonra dedilər ki, doğuş zamanı beyinə gedən damarın biri zədələnib. Ömrünün axırınacan Allah verən dərdinin dərmanı olmayacaq - dedilər. Bu xəstəliyi altı ildir tapmışam (kövrəlir).
"Uşaqlarıma görə qonşular üstümə şikayətə gəlir..."
Aynurə danışdıqca əlləri titrəməyə başlayır. Dizlərini büküb, gözünü məchul bir nöqtəyə zilləyib danışır. Gözlərinin cığırı ilə axan göz yaşları dodaqlarının divarları ilə çənəsinə yayılır. Dəsmalı götürüb üz-gözünü silir. Qırıq-qırıq səslərlə davam edir:
"Ürəyimə daş basıram. Uşaqlarımı uşaq evinə vermək istəmirəm. Amma onların həyatı üçün çox narahatam. Günləri çöldə-bayırda keçir. Bu vəziyyətimlə onlarla maraqlana bilmirəm. Qalacaq yerim-yurdum yoxdur. Ona görə də balalarımı uşaq evinə vermək istəyirəm. Amma əlim gəlmir. Nə qədər yaxşı baxsalar da mənim göstərdiyim qayğını onlara göstərməyəcəklər. Hansı ana uşaqlarından bircə gün ayrı qalar?!"
Ortalığa bir anlıq sükut çökür. Sükutu ortancıl oğlu Ümidlə iki yaşlı Qoşqar pozur. Otağa girən kimi bir-biri ilə güləşməyə başlayırlar. Aynurə xanım gözucu onlara baxıb gülümsəyir:
- Bəsdirin, dalaşmayın - deyir.
Sonra hönkürür...
- Xahiş edirəm, ən son məqamda, hər yerdən ümid kəsiləndə məni kimsəsizlər evinə, uşaqlarımı da uşaq evinə yerləşdirsinlər. Heç olmasa, 16-17 yaşınacan... (kövrəlir). Üç övlad anasıyam. Hazırda tək olan Allahdan, yerdə də xeyirxah insanlardan başqa heç kəs köməyimizdə durmur. Çox zülm çəkirəm. Övladlarım da çox nadincdir. Bir yerdə durmurlar. Dallarınca qaça bilmirəm. Qonşular dəqiqəbaşı üstümə şikayətə gəlir.
"Yoldaşım da xəstədir..."
Aynurə həyat yoldaşı ilə ayrıldığını deyir. Səbəbini soruşuram. Susur. Təkid edirəm. Çevrilib soyuducuda yemək axtaran ac uşaqlarına baxır. Bacısı qızına deyir ki, Qoşqara - son beşiyinə yemək üçün çörək versin. Sonra həyat yoldaşı ilə bağlı verdiyim sualın üstünə qayıdır:
- O da xəstədir. Ağır yataq xəstəsidir, yatır, ağ qan qara qanı "yeyir". Xəstəliyi budur. Üstəlik, vərəmə də yoluxub. Gözlərinin də biri görmür.
- Siz ailə həyatı quranda onun bu cür problemləri var idi?
- Yox, o zaman xəstəliyi yox idi. Problem sonradan yarandı. Əvvəl şəhərlərarası marşrutda sürücü idi. Sonra xəstələndi. Həkim demişdi ki, 10 kilodan artıq yük götürə bilməz.
- Yoldaşınızla kirayədə qalmısınız? Ayrılandan sonra necə oldu?
- Bəli, kirayələrdə qalmışıq. Kirayə pulunu verə bilməyəndə üç uşağımla məscidlərdə, yolların qırağında yatmışam. Allah razı olsun, sonradan xeyirxah insanlar kirayə pulumuza, boğazımıza yemək almağa yardımlar edirdilər. Çox çətindir. Yerimdən durub uşaqları evə səsləmək üçün divarlardan tuta-tuta yeriyirəm. Allah haqqı, zülm çəkirəm. Övladlarım həyətdən çıxanda bilmirəm hara gedirlər. Sizin vasitənizlə imkanlı şəxslərdən, aidiyyatı qurumlardan xahişim odur ki, bizi sığınacağa yerləşdirsinlər. Uşaqlarımın gələcəyindən narahatam. Yeməkləri-içməkləri olmasın, amma mənimlə birlikdə uşaqlarımın sığınacağı bir yer olsun, başqa heç nə istəmirəm.
- Bəs yoldaşınızdan ayrılarkən demədiniz ki, bu üç uşaqla məni hara qoyub gedirsən?
- Dedim. O da xəstədir. Anasıgildədir.
- Bəs anası sizi qəbul etmədi?
- İmkanları yoxdur. Anası deyir ki, imkanları ancaq övladının müalicəsinə çatır. Həm vərəmdir, həm də leykozdur.
- Bəs anasına demədiniz ki, üç uşağa bu vəziyyətdə baxmaq imkanınız yoxdur?
- Dedim ki, işləmirsə, heç olmasa başımızın üstündə dursun. Ailə başsız qalmasın. Oğlan uşaqlarıdır, tərbiyəsi ilə məşğul olsun. Qaynanam da dedi ki, onu əsəbiləşdirmək olmaz, ziyandır. Uşaqlara əsəbiləşəcək... İki ildir ayrılmışıq. Nə uşaqlarının tərbiyəsi ilə maraqlanır, nə də dolanışığımızdan xəbərdardır. Hər ağrı ilə üz-üzə qalan mənəm.
- Həyat yoldaşınız da dindardır?
- Bəli, əvvəl namaz qılırdı. İndi qılmır. Yalnız siqaret çəkir. İçki də içmir.
Otağı gözdən keçirirəm. İşləməyən bir televizor, saz vəziyyətdə olan bir soyuducu. Soyuducunu açıram, çəkilmiş ət, "vestqold" yağlar, bir bişirimlik çiy ət... çərəzlər...
Aynurə Novruzovanın bacısı qızı deyir ki, ətləri xeyirxah insanlar gətirirlər. Ramazan ayı olduğu üçün onlara baş çəkənlərin son günlər bir qədər çoxaldığını vurğulayır.
Soyuducunun ağzını açan kimi uşaqlar yeməyə nəsə axtarmağa başlayırlar. Günorta yeməyinin vaxtı olsa da, hələ də nahar hazır deyil. Körpələrin acdığı isə hərəkətlərindən sezilir.
Anaları isə uşaqlarına baxa-baxa özündən və həyat yoldaşından danışır:
"Əslən Ağsu rayonundanıq. Yoldaşım Biləsuvardandır. İndi də oradadır. Ata-anası baxır ona. Anam Ağsu rayonunda yaşayır. Onun yanında qalmağa imkanımız yoxdur. Bir otaqlı evdə qalır. Qoca adamdır. Özü özünə zorla baxır. Mən orada üç nadinc uşağı böyüdə bilmərəm. Rayon yeridir, yağışı, palçığı var. Bir neçə kilometrdən gedib su gətirirlər. Burada su evin içindədir. Hələ bu şəraitdə uşaqlarımı böyütməkdə çətinlik çəkirəm. Rayon yerində uşaqları böyütmək çox çətin olar. Ata evimdə də elə yaxşı şərait yoxdur. Həkimlər də aybaay müalicə götür, yoxsa bundan da pis günə qalacaqsan - deyirlər. Bir yardımsevər xanım var. Bir illik müalicəmi boynuna götürüb. Hal-hazırda iynə-dərman qəbul edirəm".
"150 manatın ümidinə qalmışıq..."
Aynurə xanımdan "bəs sizin valideynləriniz, qardaşlarınız, himayəsinə götürəcək kimsə yoxdurmu?" - deyə soruşuram.
Deyir, atası yoxdur, anası var:
"Atam yox kimi bir şeydir. Biz körpə olarkən anamı, bizi atıb. Anam özü də xəstədir. Ailədə altı uşağıq. Sonradan həkim mənə dedi ki, sizdə xəstəlik irsidir. O biri qardaş-bacılarınızda da bəlli yaşlarda üzə çıxacaq. İndi bir bacım və bir qardaşım da mənim kimidir. Yeriməkdə çətinlik çəkirlər. Onların içərisində ən ağır durumda olan mənəm. Ayağa qalxanda, pilləkəndən yuxarı qalxanda, çıxıb-düşəndə mənə iki nəfər adam kömək etməsə, mümkün deyil..."
Gözüm divarın tökülmüş suvaqlarına zillənir. Aynurə üç övladı ilə qoşa çarpayıda yatdığını deyir. Elə bir otaqlı evə üç əşya sığdırdığını deyir. Çarpayı, soyuducu, bir də nasaz televizor...
Aylıq gəliriniz nə qədərdir? - deyə soruşuram:
- Aylıq gəlirim 150 manat pensiyadır. Bir də bayramdan bayrama xeyirxah insanlar uşaqların yemək-içməklərinə kömək edirlər. Allah onlardan razı olsun.
- Bəs yeməyinizi kim bişirir?
- Bacımın qızı, qardaşımın yoldaşı, onlar da gələ bilməyəndə özüm çətinliklə qalxıb bişirirəm. Böyük oğlum kömək edir. Beş yaşı var. Çaydanı özüm doldururam, onu qazın üstünə uşaq qoyur. Qabları oturaq vəziyyətdə özüm yuyuram. Çayı oğlum dəmləyir. Ağır işə o kömək edir.
- İbadətlərinizi yerinə yetirə bilirsiniz?
- Bəli, oturaq vəziyyətdə.
- Bəs kirayənizin pulunu kim verir?
- Aldığım 150 manatı bura verirəm. İşıq pulu, qaz pulu ilə bir yerdə 160-170 manata çıxır. Çünki evin içində "ariston" var. Qışda kommunal xərclər daha çox çıxır. Körpələrə görə qazdan çox istifadə edirik.
- Bəs yemək-içməyə pulu haradan tapırsınız?
- Xeyirxah insanlardan kimsə 20-30 manat pul verir. Həmin pullarla dolanırıq. Sağ olsunlar, bəziləri ərzaq alıb gətirirlər. Bəzən makaronu qaynar suda süzüb uşaqlara yavan yedirdirəm. Elə olur ki, iki-üç gün evin içərisində çörək tapmırıq. Xeyirxah adamlar da ancaq bayramdan-bayrama kömək edirlər.
"Ev yiyəsi ayın 18-nə kimi vaxt verib..."
Min bir əzab-əziyyətlə üç uşaq böyütdüyünü deyən əlil ana qonşularından da razı deyil. İki qonşusu hərdən əl tutsa da, digərləri ona gün verib işıq vermirlərmiş. Aynurə Novruzova belə deyir.
- Bəs qonşular heç kömək etmir?
- Xeyr, heç biri... Uşaqlarımı yola vermirlər. Qonşu başa düşmür ki, mən yeriyə bilmirəm. Bunlar da çox dəcəldir. Ora-bura gedirlər, hara getdiklərini, kiminlə oynadıqlarını bilmirəm. Xəbərim olmur.
- İndiyə kimi qonşularınızdan heç kim sizə baş çəkməyib?
- Sağ olsunlar, iki qonşum var. Hərdən biri 2 çörək, o biri 1 kilo kartof alıb verir. Amma uşaqlar nadinclik edəndə gəlib dalaşırlar. Deyirlər ki, uşaqlarına yiyə çıx. Bu yaxınlarda qonşuluqda bir maşına ziyan vurmuşdular. Qonşular onu mənim uşaqlarımın üstünə atdı. Dedilər ki, sənin uşaqların edib. Halbuki mənim övladlarım o maşına yaxın getməmişdi.
Aynurə xanım deyir ki, ev yiyəsi də onları evdən bayıra atmağa hazırlaşır. Əllərinin hər yerdən üzüldüyü bir vaxtda dərdlərinin üstünə ikinci bir dərd də gəlib:
- Ev yiyəsi deyib ki, ayın 18-i çıxın. Çünki kirayə pulunu çatdırıb verə bilmirik.
- Bəs burdan sonra hara gedəcəksiniz?
- Özüm də bilmirəm. Çarəsiz qalmışam. Buradan telefonla zəng edib ev axtarıram. Bir otaqlı evlərin qiyməti də od tutub yanır. Gücümüz çatmır. Bilmirik nə edək. İmam Hüseyn eşqinə, Allah eşqinə kömək edin. Üç oğlan uşağını sağlam şəkildə dünyaya gətirmişəm. Onları sağlam şəkildə yetişdirib bu vətənin xidmətinə vermək istəyirəm. Uşaqlarımın gələcəyi darmadağın olmaması üçün sizlərə yalvarıram. Mən heç, uşaqlarıma kömək edin.
Aynurə xanımın və uşaqlarının dərdini kimə çatdırım deyə düşünərkən ağlıma Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə gəlir. Tlelfonu götürüb zəng vururam. Kəmalə xanım deyir ki, körpələrə müvəqqəti sığınacaq verə bilər. Amma yerimə imkanları olmayan ananı qəbul edə bilməz.
Bizim danışığımızı eşidəndə bayaqdan bir-biri ilə güləşən, səs-küy salan, soyuducudan sallaşan körpələr anasının boynuna sarılıb ağlaşırlar. Ana körpələrini bağrına basır. Ortancıl oğlunun sözləri isə bizi də kövrəldir:
- Bizi buraxma, bizi hara göndərirsən? Mama, ay mama... Buraxma, buraxma... yaxşımı?!...
RePost.Az
Mənbə: Lent.az