Dövlət İmtahan Mərkəzi (DİM) bu gün 70081 şagird (IX sinif üzrə 39554, XI sinif üzrə 30527) üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirib.
 
DİM-dən RePost.Az-a verilən məlumata görə, imtahanlarda Gəncə, Lənkəran, Naftalan, Şəki, Sumqayıt şəhərlərində, Abşeron, Ağdam, Ağsu, Astara, Bərdə, Biləsuvar, Daşkəsən, Goranboy, Göygöl, İmişli, Kürdəmir, Oğuz, Qəbələ, Saatlı, Sabirabad, Şabran, Şamaxı, Samux, Tərtər, Xaçmaz, Yevlax və Zərdab rayonlarında yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər iştirak edib.
 
9-cu sinif şagirdləri üçün imtahan (II mərhələ) saat 10:00-da başlanıb və 1 saat 30 dəqiqə ərzində aparılıb. 11-ci sinif şagirdləri üçün isə imtahan saat 15:00-da başlanıb və 2 saat 45 dəqiqə müddətində aparılıb.
 
İmtahanların idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, gün ərzində imtahan mərkəzləri ilə müntəzəm əlaqə saxlanılmış və imtahan prosesinin gedişinə nəzarət olunub.
 
İmtahan iştirakçılarının öz bilik və bacarıqlarını nümayiş etdirmələri üçün bütün imtahan mərkəzlərində zəruri şərait yaradılıb.
 
İyunun 28-dən etibarən imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. Nəticələr yaxın günlərdə elan ediləcək.
 
RePost.Az
 

Baxış sayı: 5556 | Tarix: 27.06.2018
Bizi Telegramda izləyin: @repostaz