Bakı Nəqliyyat Agentliyi (BNA) 64 saylı müntəzəm marşrut xətti istiqamətində 20 yeni avtobusu istifadəyə verəcək.
 
Bunu qurumun mətbuat xidmətinin rəhbəri Mais Ağayev yeni avtobusların təqdimat mərasimində deyib.
 
Onun sözlərinə görə, 64 saylı müntəzəm marşrut xətti üzrə daşıyıcının fəaliyyəti qənaətbəxş olmadığından Bakı Nəqliyyat Agentliyi onunla imzalanan müqaviləyə xitam verib. Başqa daşıyıcı ilə müqavilə imzalanıb:
 
“Dəfələrlə agentliyə həmin marşrut üzrə sərnişindaşıma keyfiyyətinin aşağı olması, qeyri-peşəkar sürücülər tərəfindən avtobusun idarə olunması, avtobusların texniki cəhətdən qoyulan tələblərə cavab verməməsi ilə bağlı şikayətlər daxil olurdu. Daşıyıcı qarşısında bununla bağlı tələblər qoyulsa da, bu istiqamətdə addımlar atılmırdı. Buna görə də daşıyıcı ilə müqaviləyə xitam verilib”.
 
BNA rəsmisi bildirib ki, 64 saylı marşrut xətti metronun “Neftçilər” stansiyasından Yeni Günəşli istiqamətində hərəkət edəcək:
 
“Yeni avtobuslar yaxın günlərdə xəttə buraxılacaq, 4 dəqiqə intervalla sərnişinlərə xidmət göstərəcək. Kart sistemi isə hələlik tətbiq olunmayıb. Avtobuslarda, həmçinin fiziki imkanları zəif olan şəxslərin istifadəsi üçün panduslar yerləşdirilib, əlil arabaları üçün yer quraşdırılıb. Marşrut “General Avto Company” şirkəti ilə imzalanan müqavilə əsasında fəaliyyətə başlayacaq”.
 
Mais Ağayev deyib ki, Bakı Nəqliyyat Agentliyi tərəfindən gələn il daha 300 avtobus gətiriləcək. Həmin avtobuslar gətirildikdən sonra bütün yenilənmiş xətlər üzrə kart sisteminə keçid təmin ediləcək.
 
RePost.Az

Baxış sayı: 4150 | Tarix: 24.12.2018
Bizi Telegramda izləyin: @repostaz