"Hacı Mazan” kimi tanınan iş adamı Ramazan Zeynalovun qardaşı oğlu həbs edilib.
RePost.Az BakuPost-a istinadən xəbər verir ki, hadisə Masallı rayonunda baş verib. İş adamının qardaşı oğlu Zeynalov Sadiq Əşrəf oğlu oğurluq etdiyinə görə tutulub.
İstintaq materiallarna görə, Masallı rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 30-da rayon ərazisindəki evlərin birindən 2000 manat, 400 ABŞ dolları və 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Yeddioymaq kənd sakini, əvvəllər məhkum olunmuş Sadiq Zeynalov saxlanılıb.
Onun həmkəndlisi Hacıbala Qənbərov və şəhər sakini, əvvəllər məhkum olunmuş Əziz Hüseynovla birgə rayon ərazisindəki inzibati binaların birindəki seyfdən 1200 manat oğurlaması da müəyyən edilib.
Qeyd edək ki, "Hacı Mazan” son bir neçə ay ərzində qalmaqallarla gündəmə gəlib və özü barəsində də cinayət işinin istintaqı davam etdirilir. O, inşa etdiyi binanın sakini Faiq Seyfullayevin evinə hücum etməkdə və onu döyməkdə günahlandırılır.
Bir müddət əvvəl isə iş adamının oğlu Bayram Zeynalov Sumqayıt Şəhər Dövlət Yol Polisi Şöbəsinin rəisi vəzifəsindən azad edilib.