Eyyub Yaqubov Laçının işğal günü konsert verdi - Arxa fonda erməni bayrağı
Xalq artisti Eyyub Yaqubovun mayın 17-də İsveçdə konsert verdiyi barədə xəbərlər yayılıb.
RePost.Az Yeni musavat-a istinadən xəbər verir ki, müğənninin Laçının işğal günü səhnəyə çıxması Azərbaycanda ciddi etirazla qarşılanıb.
Xüsusilə həmin konsertdə İsveçdə yaşayan bəzi azərbaycanlıların da iştirak etməsi hiddət doğurub.
E.Yaqubovun işğal günü konsert verməsi bir yana dursun, səhnədəki video-kadrlarda erməni bayrağı da yer alıb. Bu da ciddi sualların yaranmasına səbəb olub. Məsələ ilə bağlı müğənninin özü ilə əlaqə saxladıq. Zəngimizə onun köməkçisi cavab verdi və mayın 30-da E.Yaqubovun Azərbaycana qayıdacağını, ondan sonra açıqlama verəcəklərini bildirdi.
İsveçdə fəaliyyət göstərən “Azərbaycan Evi”nin təmsilçisi Kənan Hacıəkbəroğlu isə kifayət qədər sərt danışdı:
“İstənilən iş görüləndə tarixə çox diqqət edilir. Burada tədbirin təşkilatçısı birbaşa məsuliyyət daşıyır. Eyyub Yaqubov da birbaşa günahkardır. Ortada bir razılıq var ki, filan vaxtı, filan saatda konsert olacaq. Bu da azından bir ay öncədən məlum olur. Təşkilatçının bunu bilərəkdən və ya bilməyərəkdən etdiyini deyə bilmərəm, sadəcə, günahkar olduğunu əminliklə söyləyirəm. Bu azərbaycanlıların tarixlərini unutmaq üçün təşkil edilmiş kampaniyanın tərkib hissələrindən biri də ola bilər. Necə 17 mayı unutmaq olar?"
E.Yaqubovun mahnı səsləndirdiyi tədbirin təşkilatçısı Vahid Azərbaycan Dərnəyi olub. Dərnəyin rəhbəri Ayə Coşqun “Yeni Müsavat”a açıqlamasında bunun təxribat olduğunu söylədi:
"Konsert 18-də baş tutub. İsveç hökuməti bizə 2 gündən birini təklif edib və biz də məcbur qalıb 18 mayı seçmişik. Bu, mənim Azərbaycan Dərnəyinin rəhbəri kimi fəaliyyətimə haqsızlıqdır. Feysbuqda Eyyub bəyin erməni bayrağı ilə fotosu verilir. Buna çox üzüldüm. Əvvəla, o çəkdiyimiz filmdən bir fraqmentdir. Əvvəldə, şəhidlərimizin, Böyük Məmməd Əmin Rəsulzadənin ruhu yad edilir. 1918-ci ildən bu yana qədər tarixi şəxsiyyətlərimizlə bağlı film göstərilib. İşğal edilən ərazilərimiz o filmdə göstərilib və orada Rusiya, İran, Türkiyə, Ermənistan bayraqları da keçib".