Millət vəkili Fazil Mustafa ictimai nəqliyyatda məktəblilərdən gedişhaqqı tələb olunması ilə bağlı məsələyə toxunub.
RePost.Az xəbər verir ki, Milli Məclisin deputatı məktəbli formasında olan uşaqlardan gedişhaqqı alınmamasını irəli sürüb.
"Bu gün acınacaqlı, ağır və bəlkə də bağışlanması çətin olan bir hadisə baş verib. Bakubus sürücüsü ana və onunla birlikdə olan 3 övladından gediş haqqı tələb edib, əks halda avtobusu sürməyəcəyini deyib. Doğrudur hüquqi baxımdan sürücü haqlıdır, çünki 5 yaşdan yuxarı uşaqların nəqliyyat xərcinin ödənilməsi Nazirlər Kabinetinin qərarı ilə müəyyənləşib. Ancaq düşünün, həmin ana ödəniş imkanı olmadığına görə sürücünün israrı ilə üç övladını avtobusdan düşürüb və evə dönüb. Demək ki, 3 Azərbaycan övladı imkansızlığı görə məktəbə gedə bilməyib.
Burada çıxış yolu nədir? Nazirlər Kabineti bu qərarı mütləq dəyişməlidir. Məktəbli formasında olan istənilən uşaqdan ictimai nəqliyyatda vəsait alınmamalıdır. Hökumət bunun kompensasiya yolunu tapa bilər. Əsas hədəfimiz məktəbdən kənarda heç bir uşağın qalmamasıdır. BNA və Metropoliten həftə içi günlərdə məktəbli geyimində olan uşağı məktəbə pulsuz daşımalıdır. Uşaq pul qazanmırsa, valideynin də nəqliyyat üçün ödəməyə pulu yoxdursa, uşaq oxumamalıdır?",-deyə deputat vurğulayıb.
RePost.Az