Şəhərlərarası gecə reysləri bərpa olunub.
 
Bu barədə RePost.Az-a Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib.
 
Onun sözlərinə görə, oktyabrın 1-dən etibarən Bakı-Gəncə-Bakı, Bakı-Qırmızı Körpü-Bakı, Bakı-Mingəçevir-Bakı, Bakı-Tərtər-Bakı istiqamətində test rejimində iritutumlu, müasir, komfortlu, Almaniyanın “MAN” şirkətinə məxsus Neoplan avtobusları ilə uzun fasilədən sonra ilk gecə reysləri xidmətə başlayacaq:
 
""Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”na uyğun, əhalinin gecə vaxtı həyata keçirilən şəhərlərarası sərnişin daşımalarına olan tələbatının təmin edilməsi və bu sahədə qeyri-qanuni sərnişin daşımalarının qarşısının alınması məqsədilə gecə reyslərinin yenidən bərpasına dair sərnişin müraciətləri nəzərə alınaraq NRYTN yanında DANX-ın Nazirlər Kabinetinə təqdim etdiyi təklifə razılıq verilib".
 
N.Allahyarova əlavə edib ki, alınan qərara əsasən DANX tərəfindən xidmətin həyata keçirilməsi zamanı tam təhlükəsizlik qaydalarına əməl olunması, reyslərin təşkili zamanı bütün risklərin nəzərə alınmasına dair tapşırıq Bakı Beynəlxalq Avtovağzal Kompleksinə verilib və artıq müvafiq müqavilələr bağlanıb.
 
Qeyd edək ki, test rejimi payız və qış ayları boyunca davam edəcək. Növbəti ildən ehtiyac yaranarsa, prosesə yeni daşıyıcılar cəlb olunacaq.
 
RePost.Az

Baxış sayı: 3333 | Tarix: 25.09.2019
Bizi Telegramda izləyin: @repostaz