Dünya bazarında neftin qiyməti 1991-ci ildən bu yana ən kəskin həddədək ucuzlaşıb.
RePost.Az BAKU.WS-ə istinadən xəbər verir ki, qiymətlər qısa müddətdə 45 dollardan 30 dollara qədər düşüb.
Rusiyanın hasilatı azaltmamasından sonra Səudiyyə Ərəbistanı daha kəskin adımlar atmağa qərar verib. Bu ölkə Avropa və Asiya ölkələrindən olan müştəriləri üçün 6-8 dollar civarında endirim edəcəyini və hasilatı artıracağını açıqlayıb. Bundan sonra qiymətlərdə 1991-ci ildən bu yana ən kəskin azalma baş verib və qara qızıl 30 dollara qədər ucuzlaşıb.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban BAKU.WS-ə bildirib ki, neftin qiymətinin dəyişməsi birjalara daxil olan pozitiv və neqativ informasiyalardan asılıdır: "Dünən neft öz dəyərini 31 faiz itirib. Bu gün səhərdən etibarən birjalar Asiya bazarlarında əks istiqamət gördük və artıq neft 7 faiz öz qiymətini bərpa edib. Dünənki çökmədən sonra neftin qiymətləri 37 dollara yaxınlaşır. Bu ilin sonuna kimi qiymətlərin hansı səviyyədə olması müəmmalıdır.
Bu, təbii ki, birjalara daxil olan pozitiv və neqativ informasiyalardan asılıdır. Pozitivliyin biri ondan ibarətdir ki, adı “OPEC+”da Rusiya ilə yanaşı çəkilən və bu azalmanın əleyhinə çıxan Qazaxıstanın energetika nazirinin bu formatı dəstəkləməsi və martın 18-də texniki komissiyanın iclasında neft hasilatının azalması ilə bağlı yeni təkliflərin olacağı haqqında məlumat verməsidir.
Qlobal iqtisadiyyata koronavirus öz mənfi təsirini göstərib. Görünən budur ki, həqiqətən də, virus ümumi iqtisadi aktivliyin azalmasına təsir edib. Bu azalma nəticəsində, təbii ki, enerjinin istehlakı da azalıb. Enerjinin istehlakının azalması isə enerji qiymətlərində yanvar ayının sonundan etibarən artıq öz əksini tapmağa başlayıb. Bu da neft qiymətlərində məhz aşağı enmələr fonunda əks olunmuşdur".
İlham Şaban hesab edir ki, neft-qaz hasilatının azaldılması məhz ABŞ maraqlarına xidmət edən məsələdir: "Martın 6-da qiymətlərin enməsindən sonra “Reuters” agentliyi hesablayıb ki, təkcə OPEC ölkələri neftin ixracından 500 milyard dollara yaxın mümkün gəlirlərini itiriblər. Əlbəttə ki, bunu heç kim proqnozlaşdıra bilməzdi ki, 51-53 dollar arasında dəyişən neftin qiyməti birdən-birinə 32 dollara düşəcək.
Bir məsələni də qeyd edim ki, dünyada neft bazarında 3 nəhəng ölkə var. Birinci ABŞ, ikinci Rusiya, üçüncü isə Səudiyyə Ərəbistanıdır. Səudiyyə Ərəbistanı Rusiyanı çox qısa müddətdə neft hasilatına korrektə edə bilməsi ilə qabaqlayır. Yəni Səudiyyə qısa müddətdə hasilatı artırıb-azalda bilir. Rusiyada bu imkanlar məhduddur. Çünki Rusiyanın neft yataqları köhnədir. Bu məsələdə həm ABŞ-ın maraqları var, həm də onunla son 5 ildə münasibətləri yaxşı olmayan Rusiyanın mövqeləri var.
Səudiyyə Ərəbistanı bu məsələdə sadəcə araya düşən bir hadisə oldu. Kremlə yaxın ekspertlər də bunu açıq şəkildə bəyan edirlər. OPEC+ formatı və bununla da neft-qaz hasilatının azaldılması məhz ABŞ maraqlarına xidmət edən məsələdir ki, az bir müddət keçəndən sonra bu həcmləri bazarda Amerika şirkətləri tuturlar".