Məlum olduğu kimi, Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində - 190 manat birdəfəlik ödəmə veriləcək.
RePost.Az xəbər verir ki, artıq ödənişlərin verilməsinə bir neçə gündür start verilib.
Aprelin 9-dan etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən artıq 55 min işsiz üçün birdəfəlik ödənişin aidiyyəti üzrə köçürülməsi təmin edilib.
Birdəfəlik ödəmə bank filiallarına və poçt şöbələrinə köçürülüb.
Ödəmələrin verilməsi gündəlik davam edir.
Məlumat üçün bildirək ki, Nazirlər Kabinetinin 19 mart tarixli qəbul etdiyi Tədbirlər Planına əsasən 190 manatlıq birdəfəlik yardım 200 min nəfəri əhatə edəcək. Bu məqsədlə 70 milyon manat (2 aylıq - aprel və may ayları) vəsait ayrılıb.
Hazırda 55 min nəfərə bu yardım edildiyi üçün aprelin sonuna qədər daha 145 min nəfərə də yardım ediləcəyini demək mümkündür. May ayında da eyni qayda ilə 200 min nəfər ödəniş ediləcək.
Qeyd edək ki, Koronovirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində elan edilmiş xüsusi karantin dövründə Məşğulluq Mərkəzləri tərəfindən vətəndaşların qəbulu dayandırılıb.
190 manat birdəfəlik ödəmə ilə bağlı vətəndaşların müraciətlərinin qəbulu yalnız onlayn qaydada aparılır.
Onlayn qaydada müraciət etmək üçün Nazirliyin e-sosial.az portalında, hər hansı bir qeydiyyat proseduru tələb olunmadan “online müracət” bölməsinə daxil olaraq, işsiz və ya işaxtaran kimi uçota alına bilərsiniz.
Müraciət şəxsiyyət vəsiqəsinin və FİN nömrələrini daxil etməklə, “İstiqamət” bölməsində “məşğulluq sahəsində göstərilən xidmətlər”, “Xidmət növü” bölməsində isə “vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması və qeydiyyatdan çıxarılması” bölmələrini seçməklə həyata keçirilir.
Onların müraciət edərkən qeyd etdikləri telefon nömrəsinə bu barədə SMS göndəriləcək. Mesajı aldıqdan sonra evdən çıxmaq üçün müvafiq qaydada icazə alaraq, SMS-də “Azərpoçt” MMC qeyd edildiyi halda - istənilən poçt şöbəsinə, bank göstərildiyi halda isə - həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edib vəsaitlərini ala bilərlər.