48 saatdan çox müddətdir ki, Bəhram Bağırzadənin EKMO cihazı vasitəsilə həyatı uğrunda aparılan müalicə davam etməkdədir.
 
RePost.Az xəbər verir ki, bunu "Trend"ə açıqlamasında Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, deputat Rəşad Mahmudov deyib.
 
Onun sözlərinə görə, müalicə artıq müsbət nəticəsini verib: "Şükürlər olsun ki, indiyə qədər aparılan müalicədə mənfi dinamika olmayıb, laborator analizlərində az da olsa müsbət irəliləyiş var. Bu, bizim mübarizədə uğur qazanmağımıza bir ümid qaynağıdır. Dünya tibbinin reallığını nəzərə alsaq, belə zədələnmiş ağ ciyərin müalicəsinin qısa müddətdə cavab alınması imkansızdır. Bizim üçün bu günlərdə ən vacib olan məsələ tibbi cəhətdən digər orqanların funksiyalarının qorunması, eləcə də ağ ciyərin yerinə fəaliyyət göstərən EKMO cihazının fəaliyyətinin davam etdirilməsinə nail olmaqdır. Yəqin ki, bu mübarizə hələ uzun müddət çəkəcək".
 
R.Mahmudov Bəhram Bağırzadənin səhhəti ilə bağlı yayılan məlumatlara da münasibət bildirib. Qeyd edib ki, bu barədə əsası olmayan məlumatlar yayılıb və dəqiqləşdirilməmiş informasiyalar Azərbaycan cəmiyyəti ilə yanaşı Bəhram Bağırzadənin ailəsinə də pis təsir edir: "Müalicənin gedişində heç bir əskiklik yoxdur, transplantasiyanın xaricdə keçirilməsindən söhbət gedə bilməz. Bəhram Bağırzadənin səhhəti xüsusi diqqətdədir. Bu xəstəliyə qarşı lazım olan bütün dərman preparatları və avadanlıqlar özümüzdə kifayət qədər var.
 
Bu müalicə hazırda onlarla, yüzlərlə xəstə üzərində davam etdirilir. Bu mövzuya xüsusi həssaslıqla yanaşan bütün media qurumları əməkdaşlarına və digər şəxslərə minnətdarlıq edirəm. Xahiş edirəm ki, bu məsələyə həssaslıqla yanaşaq, rəsmi qurumların açıqlaması olmadan təsdiqlənməmiş məlumatlar yaymasınlar".

Baxış sayı: 3276 | Tarix: 16.06.2020
Bizi Telegramda izləyin: @repostaz