Həkimlər yaxşı bilirlər və artıq ictimaiyyətə də dəfələrlə bu fikir çatdırılıb ki, sərtləşdirilmiş tədbirlərin əsas məqsədi yoluxmanın sürətini azaltmaqdır. Hər kəs yaxşı başa düşür ki, koronavirus yoxa çıxmayıb və yoxa çıxmayacaq".
 
RePost.Az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışında çıxışı zamanı bildirib.
 
Dövlət başçısı deyib: "Biz bu xəstəliklə yaşamağa məcburuq və artıq kütləvi surətdə yeni davranış qaydaları tətbiq edilməlidir. Ona görə bütün ölkələrin əsas səyləri odur ki, yoluxmanın sürəti azalsın, az insan xəstələnsin və ölkələrin səhiyyə sistemi imkan versin ki, bütün xəstələr lazımi müalicə alsınlar. Odur ki, biz bu addımı atdıq və hesab edirəm ki, düz etmişik, baxmayaraq ki, indi bəzi ölkələr daha da irəliyə gedərək, daha çox yumşaldıcı addımlar atır. Təbii ki, bunun əsas səbəbi iqtisadi sahədə olan problemlərdir. Bizdə də bu problemlər var, beş ayın nəticələri onu göstərir ki, bizim iqtisadiyyatımız da tənəzzülə uğrayıb. O qədər də böyük tənəzzül deyil - cəmi 1,7 faiz. Ancaq biz ilin əvvəlində çox yaxşı iqtisadi göstəricilər nümayiş etdirmişdik. Bizim çox böyük planlarımız, çox gözəl perspektivlərimiz var idi. Bütün aparıcı beynəlxalq maliyyə qurumları da 2020-ci ili Azərbaycanda sürətli inkişaf ili kimi görürdülər və bunu bəyan edirdilər. Biz şüurlu şəkildə məhdudlaşdırıcı tədbirləri gördük və deyə bilərəm, dünyada ilk ölkələrdən idik ki, bütün lazımi məhdudlaşdırıcı tədbirləri gördük, məktəbləri, ali məktəbləri, ictimai iaşə obyektlərini, böyük ticarət mərkəzlərini bağladıq ki, kütləvi yoluxmanın qarşısı alınsın".
 
"Ona görə hesab edirəm ki, biz düzgün addım atmışıq. Çünki bir daha demək istəyirəm, - mən bunu demişəm, - mənim üçün insanların sağlamlığı əsas prioritetdir. Əlbəttə, iqtisadiyyat tənəzzülə uğrayır və hələ bəlli deyil ki, ilin sonuna qədər bizi hansı problemlər gözləyir. Hər kəs bunu bilməlidir. Eyni zamanda, dünya bazarlarında neftin qiyməti hələ də sabitləşməyib. Əlbəttə, o böyük çökmənin qarşısı alınıb və neftin qiyməti tədricən bərpa edilib. Ancaq Azərbaycan büdcəsi neftin qiymətinin 55 dollarına hesablanıb və beş ayın nəticəsində neftin orta qiyməti 41 dollardır. Ona görə bizim gəlirlərimiz azalır. Bir neçə önəmli iqtisadi sahə demək olar ki, fəaliyyətsiz qalıb. Onların biri turizm sahəsidir. Biz son 4-5 il ərzində turizm sahəsini çox güclü və təkanverici sektor kimi formalaşdırmışdıq və ildən-ilə Azərbaycana gələn turistlərin sayı artırdı. Keçən il rekord həddə çatmışdır, ölkəmizə 3 milyon xarici vətəndaş gəlmişdir. Müxtəlif hesablamalara görə, onlar Azərbaycanda təqribən bir yarım – iki milyard dollar pul xərcləyiblər. Bu, ölkəmizə gələn valyutanın artması deməkdir. Yəni, biz bundan məhrum olduq", - Prezident İlham Əliyev qeyd edib.
 
Dövlət başçısı vurğulayıb ki, bir neçə başqa sektor artıq uzun müddətdir ki, fəaliyyətsizdir: "Dövlət o sektorların və orada çalışan insanların problemlərini öz üzərinə götürübdür. Biz indi 600 mindən çox insanı lazım olan vəsaitlə təmin edirik və 190 manatın verilməsi müddəti uzadıldı, baxmayaraq ki, bu da böyük yükdür və böyük xərclər deməkdir. Amma biz bunu edirik. Çünki işini itirmiş, yaxud da ki, aztəminatlı təbəqəyə aid olan, hətta qeyri-rəsmi şəkildə işləyən insanlar faktiki olaraq çətin vəziyyətdə qalıblar və kim onlara kömək edəcək?! Azərbaycan dövləti hər zaman Azərbaycan vətəndaşının yanındadır. Ona görə həm birinci mərhələdə - sərtləşdirilmiş məhdudlaşdırıcı tədbirlər tətbiq olunanda və bu gün biz məcbur olub növbəti dəfə bu addımlara getdik, şəxsən mənim üçün seçim yox idi. İlk növbədə, insanların həyatı və onların sağlamlığıdır. İqtisadi problemlər arxa planda olmalıdır. Bir də ki, biz son illər ərzində görülmüş işlər, aparılmış islahatlar nəticəsində iqtisadi gücümüzü böyük dərəcədə artırmışıq.
 
Bizim iqtisadiyyatımız sabit, dayanıqlı iqtisadiyyatdır. Hesab edirəm ki, bu ilin sonuna qədər iqtisadi sahədə problemlər kəskinləşsə də, insanların həyat tərzinə bunun böyük təsiri olmayacaqdır. Heç bir sosial layihə ixtisar edilməyib. Bu gün mənim Gəncəyə səfərim çərçivəsində açılan və açılacaq obyektlərin sayı onu göstərir. Heç bir sosial layihə ixtisar edilməyib, əksinə, biz 10 modul tipli xəstəxananın tikintisini təmin edirik. Biz məcburi köçkünlər üçün yeni şəhərciklər salırıq. Onlardan biri də Samux rayonundadır. Yeni məktəblər tikilir. Bu gün Gəncədə Mənzil İnşaatı Dövlət Agentliyinin xətti ilə yeni yaşayış kompleksinin tikintisi ilə tanış olmuşam. Orada da məktəb, bağça tikilir. Bütün bunlar dövlət büdcəsi hesabına təmin edilib".

Baxış sayı: 763