Ərdəbil zindanında saxlanılan azərbaycanlı siyasi məhbus Abbas Lisani başqa azərbaycanlı məhbus fəal Əlirza Fərşiyə və onun tələblərinə dəstək olaraq üç gün aclıq aksiyası keçirir.
 
RePost.Az xəbər verir ki, Ərdəbil həbsxanasının 7-ci bölümündə (İran əmniyət orqanlarının nəzarətindədir) saxlanılan tanınmış azərbaycanlı siyasi məhbus Abbas Lisani ötən gün, sentyabrın 23-də ailəsi ilə telefon danışığı zamanı deyib: Qardaşım və mübariz yoldaşım Əlirəza Fərşiyə və onun ana dilində təhsil, Azərbaycana qarşı sistematik ayrı-seçkiliyin aradan qaldırılması və Azərbaycan xalqının öz taleyini təyinetmə hüququ da daxil olmaqla qanuni tələblərinə dəstək olaraq yeni dərs ilinin başlaması ilə eyni vaxtda üç günlük aclıq aksiyasına başlayıram”.
 
Hazırda Böyük Tehran zindanının təhlükəsizlik orqanlarının nəzarətindəki bölümdə cəza çəkən tanınmış azərbaycanlı siyasi məhbus Əlireza Fərşi 22 sentyabr, çərşənbə günü həm Azərbaycan, həm də fars dilində yaydığı açıq məktubda Ana dilində təhsil almaq imkanının olmaması və ədalətsiz ayrı-seçkiliyə etiraz olaraq həmin gündən simvolik olaraq üç günlük aclıq aksiyasına əl atıb. 
 
Qeyd edək ki, hər il sentyabrın 23-ü İranda tədris ilinin başlaması ilə azərbaycanlı fəallar Azərbaycan millətinin müxtəlif təbəqələri ilə birlikdə Ana dilində kitablar paylayaraq, divarlara qrafiti və şüarlar yazmaqla, habelə başqa müxtəlif üsullarla Ana dilində təhsilin olmamasına etirazlarını bildirirlər. 

Baxış sayı: 2174 | Tarix: 24.09.2021
Bizi Telegramda izləyin: @repostaz