Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
 
RePost.Az xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
 
Söhbət əsnasında Prezident Şarl Mişel Ermənistan-Azərbaycan sərhədində baş vermiş hadisələrlə bağlı narahatlığını ifadə edib. Sərhəddə cərəyan edən hadisələrlə bağlı Şarl Mişelin müraciətinə cavab olaraq Prezident İlham Əliyev bildirib ki, dəfələrlə Ermənistan tərəfi Şuşa, Laçın, Kəlbəcər istiqamətində hərbi təxribatlara əl atıb və Ermənistanın son genişmiqyaslı hücumu bu gün baş verib.
 
Dövlətimizin başçısı Azərbaycan tərəfdən yaralıların olduğunu qeyd edərək, Ermənistanın təxribatlarına adekvat cavab verildiyi vurğulayıb.
 
Prezident İlham Əliyev yaranmış vəziyyətə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü bildirib.
 
Söhbət zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Baxış sayı: 2117 | Tarix: 16.11.2021
Bizi Telegramda izləyin: @repostaz