Sabunçu rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə "Yeni Yasamal" MTK-nın rəhbəri, zərərçəkmiş Cahangir Alışovun epizodu üzrə bir neçə şahid ifadə verib. Onlar həmin MTK-dan ev aldıqlarını bildiriblər.

Daha sonra Akif Çovdarovun vəkili Sadiq Rəsulov vəsatətlə çıxış edib. O, “Yeni Yasamal” MTK-nın qeydiyyat jurnalının məhkəməyə gətirilməsini istəyib. Məhkəmə vəsatəti təmin edib.
Sonra prosesdə zərərçəkmiş Nadir Feyziyev istintaqa verdiyi ifadəsini təkzib edib. O, Cahngir Alışov epizodu üzrə zərərçəkmiş kimi tanınıb Nadir Feyziyev istintaqdakı dindirilmə zamanı MTN-in sabiq əməkdaşı Alı Nəbiyevin onu nazirliyin inzibati binasında qanunsuz saxladığını söyləyib. Ötən prosesdə bu epizod üzrə Alı Nəbiyev ifadə vermişdi.

Bu dəfə Nadir Feyziyev deyib ki, onu nazirliyin inzibati binasında çox adam saxlayıb. Akif Çovfarovun vəkili Sadiq Rəsulov söyləyib ki, Nadir Feyziyevlə Alı Nəbiyev arasında məhkəmədə üzləşmə olub: “Üzləşmə zamanı Nadir Feyziyev Alı Nəbiyevi tanımadığını, onu heç xatırlamadığını bildirdi. O, istintaqda verdiyi ifadəsini təsdiqləmədi".

Akif Çovdarov isə zərərçəkmişin yalan danışdığını deyib: "Zərərçəkmişlər sanki leşyeyən quşlara oxşayırlar. Elə bilirlər ki, mənim bu vəziyyətimdən istifadə edəcəklər".

Cahangir Alışov istintaqakı dindirilməsində göstərib ki, Akif Çovdarov onu MTN-in inzibati binasına çağırıb, 500 min manat tələb edib. Daha sonra Cahangir Alışov Akif Çovdarova 350 min manat verib.
Proses günün ikinci yarısında davam edəcək. (teleqraf)


Baxış sayı: 4867