Bu gün Lənkəran bazarında ən çox alınıb satılan məhsulun balıq olması təsadüfi deyil. Yerli inanclara görə, ilaxır çərşənbə süfrəsində mütləq balıq qoyulmalıdır. Simuzər adlandırılan, içi ləvəngi ilə doldurulan balıq ilin bol və ruzulu keçməsinin əsas atributlarından sayılır.
 
RePost.Az İstipress-ə istinadən xəbər verir ki, varlı-kasıbından imkanlı-imkansızlığından asılı olmayaraq hamı bu gün üçün balıq aldığından məhsulun qiyməti bir gündə od qiymətinə qalxıb.
 
Artıq 3 gündür Lənkəran bazarında balığın qiyməti əvvəlki günlərlə müqayisədə 5-10 dəfə qalxıb. Adi günlərdə qiyməti 3-8 manat arasında dəyişən balıq bu gün bazarda alıcıya irili-xırdalığından asılı olaraq 25-50 manat arası təklif olunur.
 
Maraqlıdır ki, son günlər havalar xoş keçdiyindən bazarda balıq da kifayət qədərdir. Qiymətlərin bu qədər qalxması alıcıları narazı salsa da, satıcılar bunu həm tələbatın çoxalması, həm də digər ərzaq məhsullarının da bahalanması ilə izah edirlər.
 
Bazar rəhbərliyi isə qiymətləri tələblə təklifin formalaşdırdığını, onların qiymətlərə müdaxilə etmədiklərini deyir. Süfrəsində balıq görmək inancı isə aztəminatlı ailənin büdcəsinə ruzi bərəkət yox, zərbədir.
 
RePost.Az

Baxış sayı: 7369