Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən avtonəqliyyat vasitələri ilə səyahət turları təşkil edən hüquqi və fiziki şəxslərə müraciət edib.

İdarədən RePost.Az-a daxil olan müraciətdə deyilir:

"Hazırda səyahət məqsədilə regionlara təşkil olunan turların sayı mövsümlə əlaqədar olaraq əhəmiyyətli dərəcədə artıb. Belə səfərlər zamanı adətən müxtəlif turizm şirkətlərinin, bəzi hallarda isə qeyri-müntəzəm sərnişin daşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə məxsus avtobus və ya mikroavtobuslardan istifadə olunur. Lakin, təəssüf ki, əksər hallarda qeyri-müntəzəm daşımalar zamanı avtonəqliyyat vasitələrinin texniki vəziyyətinə, sürücülərin reysqabağı tibbi müayinəsinə, onların iş və istirahət rejiminə nəzarət olunmur, nəqliyyat vasitəsinin texniki xarakteristikasının keçdiyi ərazinin relyefinə uyğun olub-olmamasına, gedəcəyi ərazidəki meteoroloji şəraitə, sürücünün idarəetmə təcrübəsinə diqqət yetirilmir ki, bu da yollarda, xüsusilə də dağlıq ərazilərdə yol-nəqliyyat hadisələrinin başvermə ehtimalını dəfələrlə artırır.

Baş verə biləcək ağır qəzaların qarşısının alınması və təhlükəsizliyin təmin edilməsi məqsədilə, fərdi qaydada ekskursiyalar təşkil edən şəxslərdən belə səfərləri yalnız bu sahədə ixtisaslaşmış turizm şirkətləri vasitəsilə həyata keçirmələri xahiş olunur.

Eyni zamanda avtobus və mikroavtobus sahiblərinin, eləcə də onları idarə edən şəxslərin nəzərinə çatdırılır ki, respublikanın avtomobil yollarında ayrı-ayrı şəxslərin təşəbbüsü ilə respublikanın regionlarına qanunsuz daşımaların təşkil edilməsi hallarının aşkar ediləcəyi təqdirdə həmin nəqliyyat vasitələrinin hərəkəti qadağan edilməklə sürücüləri barədə inzibati tənbeh tədbirləri görülücək.

Ümidvarıq ki, səyahətdən öncə sağlamlığını düşünən hər bir şəxs verilən tövsiyələrə biganə qalmayacaq, daha təhlükəsiz gəzintiyə üstünlük verəcək".


Baxış sayı: 6886 | Tarix: 09.08.2023
Bizi Telegramda izləyin: @repostaz