"Öncədən proqnozlaşdırdığımız kimi, martın sonundan etibarən dollara tələbin artması müşahidə edilməkdədir. Bu özünü dünənki rəsmi kursda və eləcə də bu gun hərracın nəticələrində göstərdi".

RePost.Az-ın məlumatına görə, bunu iqtisadçı ekspert Vüqar bayramov deyib. Onun hesablamalarına görə, son 2 gündə valyuta bazarımızda dolların manata kursu cüzi olsa da bahalaşıb. Bu da banklarda dollar satışının artması ilə əlaqədardır.

"Banklarda dollara olan tələb birbaşa hərrac məzənnəsinə və eləcə də rəsmi kursa təsir göstərməkdədir. Qeyd edək ki, bir sıra kommersiya bankları da dolların alış kursunu artıq artırıblar. Aprel ayında dövlət büdcəsinin investisiya istiqamətində xərcləmələr olacaqsa o zaman dollara tələbin artması davam edəcək. Bütövlükdə, gələn aydan etibarən idxalın həcmində və eləcə də büdcə xərcləmələrində atımlar gözlənilir. Bu isə xarici valyutaya tələbin artmasının davam etməsinə səbəb ola bilər. Aydındır ki, Mərkəzi Bank hərraclar vasitəsi ilə tələbi ödəməklə məzənnəyə təsir imkanlarını qoruyub saxlayır. Amma o da görsənir ki, Mərkəzi Bank bu ilin yanvar ayından etibarən valyuta bazarının məzənnəyə təsir imkanlarını artırmaqla bazar kursunu formalaşdırmağa çalışır. Bununla belə, hələlik manatın öz bazar dəyərini aldığını söyləmək mümkün deyil", - Bayramov əlavə edib.

RePost.Az


Baxış sayı: 5452