Bugünlərdə Böyük Britaniya Parlamentinin Lordlar Palatasının üzvü Baronessa Karolin Koks Qarabağ erməniləri üçün lazım olan humanitar yüklərlə dolu yük maşınlarının dayandığı Laçın buraxılış-keçid məntəqəsinin yanında göründü. Oradan ermənilərin xeyrinə bəyanatlar səsləndirdi:  “Bu, çox kədərli və eyni zamanda çox təhlükəli yerdir…Mən deyərdim ki,  bu, müasir dövrün faciəsidir”. 
 
Təbii ki, 86 yaşlı bu mübarək xanımın Qarabağa girişi Azərbaycan tərəfindən yasaqlanıb. Sadəcə bir faktı deyim ki, bu qadın 86 dəfə Qarabağda olub, ermənilərə yardım daşıyıb, onlara siyasi baxımdan da dəstək verib. Qatı xristian fundamentalisti olan Baronessa Koks haqqında jurnalist fəaliyyətimlə bağlı bir məqamı dəqiq xatırlayıram. Erməni əsirliyində olan Rembo ləqəbli soydaşımızdan illər öncə müsahibə götürmüdüm. O nəql edirdi ki, ermənilər məni həbsxananın qaranlıq bir guşəsinə atmışdı. Bir dəfə saxlandığım hücrənin qapısı açıldı və bədheybət bir it üstümə cumdu. Mən qorxumdan arxadakı divara dirənib qalmışdım. İt məni parçalamaq üçün var gücü ilə mənə sarı dartınırdı. Bu vaxt zənciri dartıb iti geri çəkdilər. Erməni zabitlərin müşayiəti ilə Baronessa Koks qapının qarşısında göründü. Mənə elə nifrətlə baxırdı ki...
Bu, haradasa 22 bundan əvvəlin söhbətidir. Sözümün canı o ki Azərbaycan insanı erməniyanlar arasında ad çıxarmış bu xanımı kifayət qədər yaxşı tanıyır. Bu xanım Türkiyə və Azərbaycanın yağı düşmənləri sırasında öndə gəlir...
 
Hə, indi bu xanım Laçın tərəfdən hərlənib-fırlanıb Ermənistana dönüb, oradan da Londona qayıdıb. Və inanılmaz bir yalana, şər-böhtan desək daha dəqiq olar, əl atıb. O, Britaniyanın məşhur nəşrlərindən olan “The Guardian” qəzetində “Genocide warning in Nagorno-Karabakh” (Dağlıq Qarabağda soyqırım xəbərdarlığı) adlı məqalə ilə çıxış edib. Düşünün ki, belə bir reputasiyaya malik xanım Azərbaycan haqqında nələr yazıb. Zatən məqalənin adı çox şey deyir. 
 
Əlbəttə, bunun üstündən keçmək də olardı. Ancaq Baronessa Koks elə bir şər-böhtana əl atıb ki, heç deyiləsi deyil. Adın çəkdiyim məqalənin sonluğunda Baronessa Koks yazır: “Bu ayın əvvəlində Azərbaycan prezidentinin nümayəndəsi Elçin Əmirbəyov xəbərdarlıq etmişdi ki, Dağlıq Qarabağ liderləri Azərbaycanın tələblərinə tabe olmasa, Dağlıq Qarabağda “soyqırım baş verə bilər”.
 
Biz Böyük Britaniya hökumətindən soyqırımın qarşısını almaq üçün beynəlxalq hüquq çərçivəsində üzərinə düşən məsuliyyəti nə vaxt və necə yerinə yetirəcəyini soruşmalıyıq”. 
 
Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “Dağlıq Qarabağda “soyqırım baş verə bilər” kimi cəfəng bir fikir səsləndirə bilərdimi? Qətiyyən mümkün olmayan bir iddiadır. Mən şəxsən Elçin Əmirbəyovun ingilis dilində verdiyi müsahibələrə, ermənilərlə debatlarına baxmışam. Adekvat çıxışları ilə yadda qalıb. Yəni ciddi siyasi təcrübəsi və bilgisi olan birisi heç vaxt Azərbaycanı zərbə altında qoya biləcək belə bir ifadə işlətməz. Zatən o, belə bir ifadə işlətsəydi ermənilərlə yanaşı bütün Qərb mediası bu barədə bar-bar bağırardı. 
 
Hər ehtimala qarşı baronessanın məqaləsindən həmin hissəni olduğu kimi burada təqdim edirəm: “Earlier this month, Elchin Amirbayov, the Azerbaijani president’s representative, warned that “a genocide may happen” in Nagorno‑Karabakh if its leaders fail to submit to Azerbaijan’s demands.
 
We must ask the UK government when and how it will fulfil its responsibility under international law to prevent genocide.”
 
Düşünürəm ki, hörmətli Elçin Əmirbəyov bu məsələ ilə bağlı “The Guardian” qəzetinə müraciət etməli, qarşı tərəf kimi bu böhtana layiqincə cavab verməlidir. Əminəm ki, belə də olacaq. 
 
Elbəyi Həsənli, Sürix 

Baxış sayı: 1756 | Tarix: 19.09.2023
Bizi Telegramda izləyin: @repostaz