Gürcüstanın Təhsil Nazirliyi 14 yaşlı azərbaycanlı yeniyetmə Aytac Şahmarovanın qətlə yetirilməsi ilə əlaqədar oxuduğu məktəbdə daxili araşdırmalara başlayıb.
 
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə nazir Giorgi Amilaxvari jurnalistlərə açıqlamasında deyib.
 
O, bildirib ki, rəhbərlik etdiyi qurum Daxili İşlər Nazirliyinə paralel olaraq Aytac Şahmarovanın oxuduğu məktəbdə daxili araşdırmaya başlayıb və qanunsuzluq aşkar edilərsə, həmin məktəbdə işləyən hər kəsə ən sərt cəza tətbiq ediləcək.
 
Amilaxvari aparılan araşdırmalarla bağlı daha sonra ictimaiyyətə ətraflı məlumat veriləcəyini bildirib.
 
Qeyd edək ki, Dmanisi rayonunun Məmişlər kəndindən olan Aytac Şahmarovanın anası Yeganə Məhərrəmova qızının bir neçə ay əvvəl Saqareco rayonunun Ləmbəli kənd sakini 27 yaşlı Alim Sadiqov tərəfindən “evlənmək” məqsədilə qaçırıldığı bildirilir. O, qızını geri qaytarmağa çalışdığını lakin, Alim Sadiqov tərəfindən təhdid edildiyini deyib.
 
Digər məlumata görə, azyaşlı öz “həyat yoldaşı”ndan bir neçə dəfə qaçmağa cəhd göstərsə də, ailələrin müdaxiləsi nəticəsində bu baş tutmayıb.
 
Aytac Şahmarova oktyabrın 5-də odlu silahla qətlə yetirilib. Cinayətdə şübhəli bilinən Alim Sadiqov hadisə yerindən qaçsa da polisin üç günlük axtarışlarından sonra saxlanılıb.
 
Faktla əlaqədar Gürcüstan Cinayət Məcəlləsinin ailə üzvünü qətlə yetirmə, yetkinlik yaşına çatmayan şəxsin qanunsuz azadlıqdan məhrum edilməsi, nikaha məcbur etmə, qanunsuz odlu silah gəzdirmə maddələri (109, 143,150, 236) ilə cinayət işi açılıb. Təqsiri sübuta yetirilərsə şübhəli 20 ilədək həbs edilə bilər.

Baxış sayı: 6715 | Tarix: 10.10.2023
Bizi Telegramda izləyin: @repostaz