Şuşa rayonu ərazisində şəxsin mina partlayışı nəticəsində xəsarət alması faktı üzrə araşdırma aparılır.
 
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilir ki, dekabrın 7-si saat 10 radələrində Şuşa rayonu ərazisində yerləşən “Tar” fabrikində “Azərenerji” ASC-nin əməkdaşı 1987-ci il təvəllüdlü Rahim Həbibovun elektrik xətti çəkərkən mina partlaması nəticəsində sağ ayağının dizdən aşağı hissəsinin amputasiyası xəsarəti alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
 
Hazırda faktla bağlı Şuşa rayon prokurorluğunda araşdırma aparılır.
 
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) də Şuşa şəhəri ərazisində baş verən mina hadisəsi barədə məlumat yayıb. ANAMA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dekabrın 7-də Şuşa şəhəri yaxınlığında keçmiş erməni postu ərazisində minalardan təmizlənməyən ərazidə mina hadisəsi baş verib.
 
Məlumata əsasən piyada əleyhinə mina partlayışı nəticəsində elektrik təsərrüfat işləri ilə məşğul olan Lerik rayon sakini, 1987-ci il təvəllüdlü Həbibov Rahim Şirməmməd oğlu xəsarət alıb.

Baxış sayı: 6373 | Tarix: 07.12.2023
Bizi Telegramda izləyin: @repostaz