Qax şəhər Namiq Allahverdiyev adına 2 nömrəli məktəb-liseyinin 14 şagirdi məktəbə buraxılmır.

RePost.Az xəbər verir ki, problem barədə tanınmış jurnalist Zülfüqar Xeyirxəbər özünün feysbuk səhifəsində yazıb.

Hörmətli Emin Əmrullayev, yəqin məlumatınız var ki, Qax şəhər Namiq Allahverdiyev adına 2 nömrəli məktəb-liseyin XIA sinif şagirdləri rayon üzrə rekord nəticə göstərib - 19 məzunun hamısı yüksək balla ali məktəblərə qəbul olunub. Bu göstəricidən sonra adamın ağlına ilk gələn o olur ki, Azərbaycan Elm və Təhsil Nazirliyi həmin məktəbə diqqəti artıracaq. Bəlkə də elədir, amma...

Artıq bir həftədir yeni tədris ili başlayıb, ancaq həmin məktəbin 14 şagirdi məktəbə buraxılmır. Valideynlər Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri, həmyerliləri Günay xanım Mahmudovaya müraciət etsələr də, məsələ həllini tapmır. Tapa da bilməz, çünki problemin oradan qaynaqlandığını deyirlər.

Maraqlıdır ki, sinifdə şagird sayının azlığı əsas gətirilərək 14 nəfərin 32 və 22 nəfər şagird olan siniflə birləşməsini tələb edirlər.

Hörmətli regional idarənin şəffaf işlədiyini iddia edən saxta profilli əməkdaşları, sizcə 50 nəfərlik sinifdə təhsilin keyfiyyəti yüksək olar, yoxsa 14 nəfərlik!?

Cavabınızı bilirəm, gəlib yazacaqsınız ki, həmin sinif rayonun Gigiyena və Epidemiologiya Mərkəzinin tövsiyəsi əsasında bağlanıb. Mərkəzin rəhbəri qərar verib ki, 2c sinifinin yerləşdiyi otaq standartlara uyğun deyil, 14 şagird orada təhsil ala bilməz. Mərkəz məqsədli şəkildə sinif otağının ölçülərini də olduğundan 2 kvadratmetr az göstərib. Mərkəzin rəhbəri isə Şəki-Zaqatala Regional Təhsil İdarəsi Qax sektoprunun müdiri Babək Heydərovun bacısıdır.

Cənab nazir Emin Əmrullayev, gördüyünüz kimi, regional idarənin səlahiyyət sahibləri bölgədə təhsilin "inkişafı" üçün bütün qohum-əqrabalarını səfərbər ediblər.

Xəbərçilik kimi çıxmasın, gələn həftə Qəbələ və Şəkiyə dəvət ediblər. Deyirlər ki, regionda pensiya yaşını ötmüş (yeri gəlmişkən Qaxda da bu problem var) bir çox şəxslər məqsədli şəkildə işdən kənarlaşıdılmır ki, gənclər üçün vakant yerlər açılsın. Niyə, maraq nədir? Deyirlər ki, həmin pensiyaçılar idarədəkilərin qohum-əqrabaları və ya dost-tanışlarıdır. Onu da qeyd edim ki, həmin şəxslərin bir çoxunun səhhəti məktəbə gəlməyə də imkan vermir. Onların yerinə təhsil müəssisəsində işləməyən qohum-əqrabaları gəlir. Bax belə, regionumuzda təhsillə bağlı maraqlı lətifələr dolaşır.

Cənab Levandovski, di komandanı da yığ gəl, görək bu faktların həqiqət payı varmı!? Desire ilə Rosha da xəbər eləyin zəhmət olmazsa, onlarsız maraqlı olmur”, - jurnalist problemi elm və təhsil nazirinin diqqətinə çatdırıb.


Baxış sayı: 1585 | Tarix: 20.09.2024
Bizi Telegramda izləyin: @repostaz