Türk Dövlətləri Təşkilatının (TDT) yeni bayrağı qəbul edilib.
 
Bu barədə Türk Dövlətləri Təşkilatının Bişkekdə keçirilən Dövlət Başçılarının 11-ci Zirvə görüşündə qərar qəbul olunub.
 
Türk xalqlarını birləşdirən ortaq tarixi və mədəni dəyərləri nəzərə alaraq və çoxşaxəli əməkdaşlığın, qarşılıqlı tərəqqinin, birlik və həmrəyliyin gücləndirilməsinə sadiqliyini təsdiq edərək, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Xarici İşlər Nazirləri Şurasının 22 avqust 2012-ci il tarixində Bişkekdə keçirilmiş iclasının Memorandumuna əsasən, Dövlət Başçıları Şurası aşağıdakılar barədə qərar qəbul edib:
 
Türk Dövlətləri Təşkilatının bayrağı onun təsviri ilə birlikdə qəbul edilsin və bu Qərara uyğun olaraq, digər Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası bayraqlarının rəng sxemlərinin Türk Dövlətləri Təşkilatının bayrağına uyğunlaşdırılmasına davam edilsin və bu təşkilatların yenilənmiş bayraqları qəbul edilsin.
 
Bayrağın mavi rəngli fonu aydın səmanı, sülhü və çiçəklənməni özündə ehtiva edir. Bu monoxromatik fon eyni zamanda Türk dövlətlərinin vəhdətinin və birliyinin də simvoludur.
 
Tarixi hesab olunan mavi rəng Türk mədəniyyəti və ənənələri ilə səsləşərək, özünün mədəni dəyərini növbəti dəfə vurğulayır.
 
Səkkizguşəli ulduz isə çoxəsrlik Türk dövlətçiliyinin simvolu olmaqla yanaşı, həm də Türk xalqlarının ümumi mədəni irsindən miras qalan hürriyyət, sabitlik, qarşılıqlı vəhdət və gücü əks etdirir.
 
Bununla yanaşı, səkkizguşəli ulduz həm Türk xalqlarına, həm də İslam dininə xas ənənələrə görə hakimiyyət və müdriklik rəmzi olmaqla, Türk Dövlətləri Təşkilatını irəli aparan mayakın rəmzidir.
 
Bayrağın üzərində ətrafa saçılan 40 ədəd şüası ilə təsvir olunan Günəş isə işığın, aydınlığın və həyatın simvolu olaraq əks etdirilir. Şüalar həm də Türk dövlətləri arasında mövcud olan ümumi dəyər və baxışların göstəricisidir. Həmin dəyər və baxışlar Türk dünyası ölkələrinin yolunu işıqlandıraraq, həmin ölkələri daha parlaq və çiçəklənən gələcəyə doğru aparır.
 
 
Ay və ulduz Türk dünyasında kifayət qədər geniş yayılan rəmzlər olmaqla, Türk dövlətçiliyini, artımı, gələcəyə istiqamətlənməni və tərəqqini simvolizə edir. Həmin elementlər Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin zəngin tarixinə əsaslanan dinamik və perspektivlərlə dolu ruhu özündə əks etdirir.
 
Sözügedən bayraq Türk dünyasına xas olan bütün rəmzləri, ümumi irs və hərtərəfli əməkdaşlığı özündə mükəmməl şəkildə əks etdirir. Bu dəyərlər isə Türk Dövlətləri Təşkilatının rəhbər tutduğu missiyanın yerinə yetirilməsində xüsusi əhəmiyyətə malikdir.

Baxış sayı: 4530 | Tarix: 06.11.2024
Bizi Telegramda izləyin: @repostaz