Milli Şuranın üzvü, sabiq deputat Gültəkin Hacıbəylinin Türkiyədən deportasiya olunmasına qərar verilib.
 
Bu barədə Gültəkin Hacıbəyli özü sosial şəbəkə hesabında məlumat paylaşıb.
 
O bildirib ki, bu gün ona 5 il müddətinə Türkiyədən deport olunması ilə bağlı rəsmi qərar təqdim olunub.
 
Gültəkin Hacıbəyli qeyd edib ki, noyabr ayının 29-da Türkiyədə saxlanılaraq Arnavutköy Miqrasiya Mərkəzinə gətirilib.
 
3 gün öncə isə saxlanıldığı Arnavutköy Geri Göndərmə Mərkəzindən çıxarılaraq Çatalca Miqrasiya Mərkəzinə aparılıb.
 
Xatırladaq ki, mediada Gültəkin Hacıbəyli və Milli Şuranın digər üzvü, AXCP sədri Əli Kərimlinin Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin dövlət çevrilişinə cəhd planında yer aldığı barədə yazılıb.
 
Əli Kərimli və AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimli barələrində aparılan araşdırma çərçivəsində noyabrın 29-da DTX-da dindiriliblər.
 
Onların evində axtarış aparıldıqdan sonra DTX-ya aparılıblar.
 
Əli Kərimliyə Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.
 
Əli Kərimlinin və Məmməd İbrahimin evindəki axtarış və dindirilmə Ramiz Mehdiyevin DTX-da istintaq olunan cinayət işi ilə əlaqədardır.
 
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan AXCP sədri Əli Kərimli barəsində dekabrın 1-də Səbail rayon Məhkəməsində təqdimata baxılıb.
 
Məhkəmə onun barəsində 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçib.
 
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

Baxış sayı: 236 | Tarix: 15.12.2025
Bizi Telegramda izləyin: @repostaz