İran prezidenti Həsən Ruhani, yeni hökumətdə görmək istədiyi nazirlərin siyahısını parlamentə təqdim edib. RePost.Az xəbər verir ki. siyahıda nazir postlarına 17 namizədin adı yer alıb. 
 
Elm, tədqiqat və texnologiyalar naziri vəzifəsinə namizədin adı isə daha sonra açıqlanacaq. Təqdim olunan siyahıda 3 nəfərdən başqa, qalan namizədlərin hamısı fars bölgələrindəndir. Sözdə gender bərabərliyi və qadınların ictimai sahədə fəal iştirakını müdafiə edən Ruhaninin namizədlər siyahısında heç bir qadın yoxdur. Siyahıya birinci etiraz edən Güney Azərbaycanın Mərənd və Culfa şəhərlərinin millət vəkili Məhəmməd Həsənnəjad olub. Millət vəkili, parlamentdəki çıxışında yeni kabinetdə heç bir türkün yer almamasını kəskin şəkildə tənqid edib.
 
“Prezident yeni kabinet üçün namizədlərin siyahısını parlamentə təqdim etdi. Təəssüflər olsun ki, bu siyahıda türk qövmündən olan heç bir namizəd gözə dəymir. Bu məsələ sual yaradır”- deyə o bildirib.
 
Təqdim olunan siyahının qəbuledilməz olduğunu deyən Həsənnəjad prezidentdən narazı qaldığqlarını bildirib. “Bu qövmdən bir nəfər belə Nazirlər Kabinetinə layiq yox idi?! Vəziyyət belədirsə, ən azı hər hansı bir təşkilatda bir rəis və ya müavin elə yetişdirilsin ki, gələcəkdə bir neçə türk nazir kabinetdə yer alsın”, - deyə o əlavə edib.
 
Həsən Ruhaninin qadınları idarəetmədə görmək istəməməsi, kabinetin bütün üzvlərinin kişilərdən ibarət olması bir çoxları, xüsusilə də islahatçılar arasında narazılığa səbəb olub. Həsən Ruhaninin qadın məsələləri üzrə müavini Şəhin Doxt Mollavərdi, yeni kabinetdə qadınların yer almamasına etiraz edib. Əslən Azərbaycan türkü olan xanım Mollavərdi bildirib ki, 12-ci hökumətin Nazirlər Kabinetində qadınların yer almaması onu göstərir ki, biz heç bir inkişafa nail olmamışıq.
 
RePost.Az
 

Baxış sayı: 3181 | Tarix: 09.08.2017
Bizi Telegramda izləyin: @repostaz