“Marağada təxminən 400 məktəb var. Onların 40-dan çoxunda, yəni 10 faizində təmir-yenidənqurma işləri aparılmalıdır”. RePost.Az Günaz TV-yə istinadən xəbər verir ki, bunu Şərqi Azərbaycanın vali müavini Zəfər Məhəmmədi Marağa Təhsil Şöbəsi Şurasının iclasında deyib.
 
Zəfər Məhəmmədinin sözlərinə görə, problemlər bununla məhdudlaşmır. Cari ildə şagirdlərin sayı  artıb, təhsil ocaqları isə bu qədər şagirdi qəbul etmək imkanına malik deyil. Ona görə də bir çox məktəblər, iki növbəli iş rejiminə keçib. Vali müavini, xeyriyyəçi qurum və şəxslərdən məktəblərin tikilib, təmir edilməsində iştirak etmələrini xahiş edib. O vurğulayıb ki, şagirdlərin standart məktəblərdə təhsil alması üçün yardıma ehtiyac var.
 
“Məktəblərin həyətində asfalt örtüyünün sıradan çıxması nəticəsində şagirdlər idman saatlarından düzgün istifadə edə bilmir. Həmçinin Marağa məktəbləri işıq, su və qaz pulunu ödəməkdə çətinlik çəkirlər”- deyə Məhəmmədi təhsil müəssisəsinə ayrılan büdcənin azlığından da gileylənib.
 
RePost.Az
 

Baxış sayı: 3542 | Tarix: 26.10.2017
Bizi Telegramda izləyin: @repostaz