Bu gün səhər saat 9:55-də Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisində qaz borusunda baş vermiş güclü partlayış nəticəsində ərazidəki evlərə də ziyan dəyib.
 
İstiPress-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə nəticəsində insan itkisi olmasa da, partlayışın gücündən evlərin divarlarında dərin çatlar əmələ gəlib, qapı-pəncərələrin şüşələri qırılıb. 
 
Qeyd edək ki, Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən, diametri 1000 mm-lik magistral qaz kəmərində yanğın baş verib. Yanğının söndürülməsi məqsədi ilə həmin xətt lokallaşdırılıb, bu xəttə verilən qaz alternativ qaz kəmərinə ötürülüb. Hadisə yerinə dərhal yanğından mühafizə qüvvə və vasitələri cəlb olunub.
 
Baş vermiş yanğın Abşeron yarımadasının qazla təchizatında müəyyən məhdudiyyətlər yaradıb. Yanğının söndürülməsi və qaz təchizatında yaranmış məhdudiyyətlərin aradan qaldırılması üçün zəruri tədbirlər görülür. 
 
Magistral qaz xətlərindən birində baş vermiş qəza nəticəsində "Azərenerji" ASC-nin iki stansiyasının təbii qazla təchizatında məhdudiyyətlər olub. Bakı və Sumqayıt şəhərlərindəki elektrik stansiyalarına verilən qaz təchizatı dayandırılıb.
 
Bununla əlaqədar olaraq, “Azərişıq” ASC-nin şəbəkələrində də qismən məhduduyyətlər tətbiq edilib və elektrik enerjisi təchizatında qısa müddətli fasilələr yaranıb.   
 
RePost.Az

Baxış sayı: 2896 | Tarix: 27.12.2016
Bizi Telegramda izləyin: @repostaz