Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraiti ilə bağlı xəbərdarlıq edib.
 
Nazirliyin Milli Hidrometeorologiya Departamentindən RePost.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 21-i gün ərzində Bakıda və Abşeron yarımadasında arabir güclənən şimal-qərb küləyi əsəcək.
 
Azərbaycanın rayonlarında noyabrın 21-i axşam şimal və qərb rayonlarından başlayaraq noyabrın 25-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın intensiv olacağı, dağlıq rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6 dərəcə aşağı enəcək.
 
Çaylarda sululuğun artacağı, xüsusən Lənkəran-Astara zonasının bəzi çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal olunur.
 
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər bəzi yerlərdə duman, çiskin olacağı, gecəyə doğru isə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi axşam şimal-şərq küləyi ilə əvəz olunacaq.
 
Havanın temperaturu Abşeron yarımadasında gecə 7-10, gündüz 12-14, Bakıda gecə 8-10, gündüz 12-14 dərəcə isti təşkil edəcək.
 
Atmosfer təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq.
 
Azərbaycanın rayonlarında noyabrın 21-də hava şəraiti əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Lakin axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 6-9, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 1-5 dərəcə isti təşkil edəcək.
 
Noyabrın 21-də Abşeron yarımadasında arabir güclənən mülayim xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.
 
RePost.Az

Baxış sayı: 2136 | Tarix: 20.11.2018
Bizi Telegramda izləyin: @repostaz