Bu həftə Premyer Liqada XVII turun oyunları keçiriləcək. “Qəbələ” ardıcıl ikinci səfər matçına çıxacaq. “Qırmızı-qaralar” Bakıda “Qarabağ”ın qonağı olacaq. Son ölkə çempionu ilə fevralın 17-dəki görüş Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
 
RePost.Az "Qəbələ" klubunun saytına istinadən məlumat verir ki, bu, rəqiblərin ümumilikdə yubiley – 50-ci dueli olacaq. İlk dəfə 2006-cı ildə qarşılaşan komandalar indiyədək 49 dəfə üz-üzə gəlib. Bu matçlardan 42-si çempionat, 7-si Azərbaycan kuboku çərçivəsində baş tutub.
 
“Qəbələ” “Qarabağ”la qarşılaşmalarda 11 qələbə qazanıb, 17 dəfə heç-heçə edib, 21 dəfə məğlub olub. Əvvəlki oyunlarda “qırmızı-qaralar” 43 qol vurub, 62-ni buraxıb. Komandanın qollarına 29 futbolçu imza atıb. Braziliyalı Dodo hamıdan çox – 5 dəfə fərqlənibsə, Viktor Mendinin hesabında 4 qol var.
 
Ağdam klubuna qarşı Premyer Liqada keçirilən 42 matçda 10 dəfə 3 xal əldə edən “Qəbələ” 12 dəfə bərabərliklə kifayətlənibsə, 20 dəfə də məğlubiyyətlə üzləşib. Çempionatda 38 qol vuran futbolçular 56 top buraxıblar.
 
Komandalar 25-ci dəfə “Qarabağ”ın meydanında üz-üzə gələcək. Əvvəlki 24 matçda meydan sahibləri 11, qonaqlar 4 dəfə qalib gəlib, 9 dəfə isə heç-heçə qeydə alınıb. Bu oyunlarda “Qəbələ” 18, "Qarabağ" 33 qol vurub.
 
Xatırladaq ki, fevralın 17-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Qəbələ” matçı saat 17:30-da başlayacaq.
 
RePost.Az

Baxış sayı: 1699