Vətəndaşlar tərəfindən daxil olan çoxsaylı müraciətlər nəzərə alınaraq, Tarif Şurasının 30 aprel qərarı ilə əhali üzrə təbii qazın güzəştli tariflə illik istehlak limiti 1700 kubmetrdən 2200 kubmetrədək artırılıb. Beləliklə, mayın 1-dən qüvvəyə minən qərara əsasən, ildə 2200 kubmetrə qədər qazdan istifadəyə görə ödəniş hər kubmetrə görə 10 qəpikdən hesablanacaq. İstehlak olunan qazın 2200 kubmetrdən çox olan hissəsi üçün isə hər kubmetrə görə 20 qəpik ödəniləcək.
 
RePost.Az Modern.az-a istinadən xəbər verir ki, Tarif Şurasının 30 aprel qərarından sonra elektrik enerjisinin istehlakı ilə bağlı da analoji addımın atılacağı gözlənilir. 
 
Mənbə bildirir ki, hazırda "Azərenerji" ASC-də prezident Baba Rzayev, hökumət nümayəndələri, iqtisadçılar və deputatlar tərəfindən daxil olan təkliflər dəyərləndirilir. Müzakirələr yekunlaşdıqdan sonra ən optimal variant üzrə qərar veriləcək.
 
Qeyd edək ki, hazırda əhali qrupu üzrə aylıq elektrik enerjisi istehlakı 300 kilovat-saatadək olan istehlakçılar üçün tarif 7 qəpik, aylıq istehlak həcminin 300 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.
 
RePost.Az

Baxış sayı: 3390 | Tarix: 06.05.2019
Bizi Telegramda izləyin: @repostaz