İranın “Sepah”a məxsus “Təsnim” xəbər agentliyi başda olmaqla, bir neçə media qurumu Avropa Liqasının Bakıda keçirilmiş final oyunu ilə əlaqədar qərəzli məqalələr dərc ediblər.
 
RePost.Az Günaz.TV-yə istinadən xəbər verir ki, “Təsnim” agentliyinin yaydığı məqalədə guya öz sevimli komandalarına dəstək olmaq üçün Azərbaycana gəlmiş Arsenalın iki azarkeşin Bakıda erməni yarımmüdafiəçi Henrix Mxtryanın formasını geyindikləri üçün polis tərəfindən müvəqqəti olaraq saxlanıldığı bildirilir.
 
Agentlik bununla bağlı Arsenal komandasının tərəfdarlarının sosial şəbəkələrdə videolar yaydığını iddia etsə də, nədənsə o videoları oxuculara təqdim etməyib.
 
“Təsnim” Henrix Mxtryan Bakıya gəlməməsinin səbəbini “Azərbaycan ilə Ermənistan arasında mövcud olan siyasi məsələlər” kimi dəyərləndirib. İran hökuməti və mediasının hər zamanki xislətinə uyğun olaraq, “Təsnim” bu yazıda da Azərbaycanın haqlı mövqeyini, torpaqlarının 20%-dən çoxunun Ermənistan tərəfindən işğalı faktını, eləcə də müsəlman azərbaycanlıların ermənilər tərəfindən qətliamını və Mxtryan məsələsinin Ermınistan tərəfindən öz cinayətlərini ört-basdır etmək, erməniləri “azərbaycanlılar tərəfindən daim təhdidlərə məruz qalmış xalq” kimi göstərmək üçün siyasi alət kimi ortaya atıldığı qeyd etmir, bunu “siyasi məsələlər” kimi qələmə verir. Bütün bunlar bir kənara, bu addım İran agentliklərinin də Ermənistan rəhbərliyinin Henrix Mxtryan vasitəsi ilə Azərbaycan və azərbaycanlılara qarşı apardığı çirkin kampaniyaya qoşulduğunu isbat edir.
 
İran agentliklərinin dediklərinin əksinə olaraq, Qərb media orqanlarında həmin videoda Azərbaycan polisi dənizkənarı bulvarda gəzən turistlərə yaxınlaşıb, onlardan nə isə soruşur. Burada polisin futbol azarkeşlərini saxlamağından söhbət belə gedə bilməz. Bütün bu proses isə 7-8 saniyə çəkib. Daha sonra polislər onlardan üzr istəyərək, uzaqlaşırlar. Qərb media orqanlarında dərc edilən materiallarda isə bu video ilə bağlı bildirilir ki, “Azərbaycan polisi turistlərə təhlükəsizlik qaydaları ilə bağlı məsləhət verir”.
 
“Təsnim” agentliyi dərc etdiyi digər xəbərdə “Bakıda finala hazırlığın aşağı səviyyədə” olduğuna diqqət çəkməyə çalışıb. Belə ki, agentliyin iddiasına görə, gələn turistlərin çoxunu yerləşdirmək üçün “otellərdə boş yer tapılmayıb”. Buna görə də, “onlar məcbur qalıb, 2-3 qat çox pul ödəyərək, kirayə evlər tutublar və ev sahibləri də fürsətdən istifadə edərək, qiymətləri kifayət qədər qaldırıb”.
 
Agentliyin yazdıqlarının əksinə olaraq, final oyununa gələn turistlərin hamısı Bakıya gəlməmişdən öncə otellərdə öz otaqlarını rezerv ediblər və onların yerləşdirilməsi ilə bağlı heç bir problem olmayıb. 
 
Lakin dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da turistlərə qalmaq üçün kirayə evlər təklif olunur. Vəsaitinə qənaət etmək istəyən qonaqlar öz seçimləri əsasında bu evləri “Təsnim”in iddia etdiyi kimi, “2-3 dəfə baha qiymətlər”lə deyil, otel qiymətlərindən dəfələrlə ucuz kiralamaqla, onlarda qala bilərlər.
 
RePost.Az

Baxış sayı: 2706 | Tarix: 30.05.2019
Bizi Telegramda izləyin: @repostaz