Milli Məclisin (MM) tələsik ikinci plenar iclas keçirməsinin-çağırmasının səbəbi məlum olub. RePost.Az-ın xəbərinə görə, iclasda Azərbaycanın yeni baş naziri təsdiqlənəcək.
 
Novruz Məmmədovu bu postda prezidentin köməkçisi Əli Əsədov əvəzləyəcək.
 
Əsədov Əli Hidayət oğlu 1956-cı il noyabrın 30-da Naxçıvan şəhərində anadan olmuşdur. 1974-cü ildə Bakı şəhərindəki 134 saylı orta məktəbi, 1978-ci ildə isə Moskva Xalq Təsərrüfatı İnstitutunu bitirib.
 
Əmək fəaliyyətinə 1978-ci ildə Azərbaycan SSR Dövlət Plan Komitəsinin təyinatına müvafiq olaraq Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda baş lobarant kimi başlayıb. 1978-1980-cı illərdə hərbi xidmətdə olub.
 
1980-1989-cu illərdə Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda Baş laborant, aspirant, kiçik elmi işçi, elmi işçi, 1989-1995-ci illərdə isə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda Dosent, kafedra müdiri vəzifələrində çalışıb.
 
1995-2000-ci illərdə Birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.
 
Azərbaycan Respublikası Prezidentinin 17 aprel 1998-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi, Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2012-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini təyin edilib.
 
2012-ci ilin iyun ayında 2-ci dərəcəli “Vətənə xidmətə görə”, 2016-cı il 30 noyabrda 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. 1-dərəcə dövlət müşaviridir.
 
Qeyd edək ki, bu gün saat 12- də Milli Məclisdə Əli Əsədovun Baş nazir vəzifəsinə seçilməsi məsələsi səsverməyə qoyulacaq.
 
Qeyd edək ki, N. Məmmədov 2018-ci ilin aprelində baş nazir vəzifəsinə təsdiqlənmişdi.

Baxış sayı: 1114