Azərbaycanda pambığın məhsuldarlığı 2018-ci illə müqayisədə 64,2 faiz artıb.

RePost.Az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyindən bildiriblər.

Bu il noyabrın sonuna olan vəziyyətə görə, bir hektarda pambıq məhsuldarlığı 29 sentner təşkil edib. Bu göstərici ötən illə müqayisədə 11,4 sentner çoxdur:

“Nəzərə alsaq ki, pambıq yığımı davam edir, mövsümün sonunadək istehsal və məhsuldarlıq göstəricilərinin artması gözlənilir”.
Pambıq əkilən bütün rayonlarda məhsuldarlıq göstəricisi 2018-ci il üzrə orta məhsuldarlıq göstəricisindən yüksək olub.

2019-cu ildə pambığın əkin sahəsi 32,4 min hektar azalaraq 100,1 min hektar təşkil edib. Eyni zamanda noyabrın sonuna olan vəziyyətə görə, ölkədə 290,145 min xam pambıq istehsal olunub. Bu, 2018-ci ilin eyni dövrü ilə müqayisədə 74 min ton və 34,1 faiz çox, ümumilikdə 2018-ci illə müqayisədə 23,8 faiz çoxdur.

Bundan başqa, 2019-cu ilin 10 ayı ərzində 90,5 milyon dollar məbləğində 63,1 min ton pambıq lifi və 24,5 milyon dollar məbləğində 10,3 min ton mahlıc ixrac olunub.

Pambıq lifinin əsas ixrac istiqamətləri Türkiyə (56,2 min ton) və İran (6,5 min ton), pambıq ipliyinin əsas ixrac istiqamətləri Türkiyə (6,2 min ton) və Rusiya (3,6 min ton) olub.

Ümumilikdə Azərbaycanın ixrac coğrafiyası İsveçrə, Misir, Belarus, Banqladeş, Ukrayna, Polşa, Belçikanı əhatə edir.


Baxış sayı: 1645