Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədova məktub ünvanlayıb.
 
RePost.Az xəbər verir ki, müraciətdə aşağıdakılar qeyd edilib:
 
“Hörmətli Əli müəllim!
 
Azərbaycan Respublikasının Nazirlər Kabineti 2005-ci ildən idxal olunan 50-ə yaxın məhsulun, o cümlədən hazır çap məhsullarının və qəzet kağızının Əlavə Dəyər Vergisinindən azad olunması ilə bağlı 11 saylı qərar qəbul etdi. Vergi Məcəlləsinineyni məsələni nəzərdə tutan 164.1 və 164.1.7-ci maddələri qüvvədə ola-ola belə bir qərara ehtiyacın hansı zərurətdən yarandığı anlaşılmaz idi. Nəticədə faktiki vəziyyət bu oldu ki, 2006-cı ildən başlayaraq, idxal olunan hazır çap məhsullarının və qəzet kağızının ƏDV-dən azad edilməsi həm 11 saylı qərarda, həm də Vergi Məcəlləsində əksini tapdı.
 
Məlum olduğu kimi, 2015-ci ildə Nazirlər Kabinetinin 11 saylı qərarı ləğv edildi. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi məhz bunu əsas tutaraq ƏDV-nin tətbiqinə başladı. Yəni Vergi Məcəlləsinin 164.1 və 164.1.7-ci maddələrinin qüvvədə olduğu nəzərə alınmadı. Qeyd etdiyimiz məsələ ölkəmizin media ictimaiyyətini düşündürməkdədir. Bununla əlaqədar Azərbaycan Respublikasının Milli Məclisində və digər aidiyyatı dövlət qurumlarında dafalarlə də aparılıb.
 
Araşdırmalarımız nəticəsində məlum olub ki, ƏDV-nin tətbiqi dövlət büdcəsinə əhəmiyyətli olmayan vəsait qazandırır. Ancaq verginin tərbiqinin dayandırılması çap KİV-lərinin, onların məhsullarını cəmiyyətə çatdıran yayım firmalarının iqtisadi vəziyyətinə, bu sferalarda çalışan işçilərin sosial durumlarının yaxşılaşmasına kifayət qədər müsbət təsir göstərəcək.
 
Onu da bildiririk ki, qeyd etdiyimiz məsələni Vergilər Nazirliyinin və Dövlət Gömrük Komitəsinin səlahiyyətli nümayəndələri ilə də müzakirə etmişik. Onlar ƏDV-nin dövlət büdcəsinə əhəmiyyətli vəsait qazandırmadığını nəzərə alaraq, onun tətbiqinin dayandırılmasını mümkün sayır, etiraz etmirlər.
 
Hörmətli Əli müəllim, arzu edirik ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti də ƏDV-nin tətbiqinin dayandırılmasına etiraz etməsin, razılığını versin. Məsələnin media ictimaiyyəti üçün əhəmiyyətini nəzərə alaraq, bununla bağlı mövqe bildirməyinizi xahiş edirik. Əminik ki, müraciətimizə həssas yanaşacaq, zəruri köməyinizi əsirgəməyəcəksiniz”.

Baxış sayı: 2744 | Tarix: 14.01.2020
Bizi Telegramda izləyin: @repostaz