Daxili İşlər Nazirliyi bir neçə gün öncə koronavirus epidemiyası ilə bağlı tibbi maska qıtlığı yaranan ərəfədə ölkədən 1 milyondan çox maska çıxarmaq istəyən şəxsləri saxlamışdı.

Onların arasında “Avromed” şirkətinin baş direktoru Əzizə Baxşıyevanın həyat yoldaşı Riad Məmmədov da olub. “Avromed” şirkəti barəsində yayılmış müvafiq məlumatlara aydınlıq gətirib.

RePost.Az “oxu.az”a istinadən xəbər verir ki, bununla bağlı şirkətin bəyanatında deyilir:

“Son zamanlar dünyanın gündəmini zəbt etmiş COVID-19 virusunun yayılmasının qarşısının alınması və arzuolunmaz nəticələrin aradan qaldırılması üçün müvafiq tədbirlər həyata keçirilir.

Əhalinin çox toplandığı ictimai yerlərdə müntəzəm olaraq dezinfeksiya işləri aparılır, Səhiyyə Nazirliyi və hökumətin nəzdində yaradılmış operativ qərargah tərəfindən hazırlanan və virusdan qorunmağın yollarını izah edən tövsiyələr kütləvi informasiya vasitələri ilə əhaliyə çatdırılır.

Digər əczaçılıq şirkətləri kimi “Avromed” Qapalı Tipli Səhmdar Cəmiyyəti də müvafiq hökumət qurumları ilə yaxından əməkdaşlıq etməklə virusun qarşısının alınması və müalicəsi üçün lazımi dərman preparatlarının və qoruyucu tibbi vasitələrin davamlı olaraq ölkəyə idxal edilməsində və pərakəndə satış apteklərinin lazımi məhsullarla davamlı təmin olunmasında fəal iştirak edir.

Hal-hazırda şirkətin anbarında əhalinin tələbatının ödənilməsi üçün kifayət qədər tibbi maskalar və digər tibbi vasitələr var.

Tərəfimizdən ölkəyə idxal edilən tibbi maskalar və digər vasitələr minimal topdansatış qiymətləri ilə apteklərə, dövlət qurumlarına və xəstəxanalara satılır.

Bu məhsulların bir neçə əldə cəmlənməsinin qarşısını almaq məqsədilə hər bir aptekə satış şirkətin İdarə Heyəti tərəfindən müəyyənləşdirilmiş kvotalar əsasında buraxılır və əməkdaşlıq etdiyimiz bütün apteklərə tibbi maskaları 20 qəpikdən baha satılmaması tövsiyə edilib.

Bu proses şirkətin audit mütəxəssisləri tərəfindən ciddi nəzarətə götürülüb.

Bütün bunlarla yanaşı pərakəndə satış apteklərində bəzi dezinfeksiya vasitələrinin və tibbi maskaların qiymətlərinin süni şəkildə artırılması hallarına da rast gəlinir. Son günlərdə ölkə ərazisində tibbi maskalara artan tələbatdan sui-istifadə edərək bu ləvazimatların real dəyərindən dəfələrlə baha qiymətə satışını həyata keçirməyə cəhd edən, habelə qaçaqmalçılıq yolu ilə ölkə hüdudlarından kənara çıxarmağa çalışan şəxslərə qarşı hüquq mühafizə orqanları tərəfindən kompleks əməliyyat tədbirləri həyata keçirilib.

“Avromed” QTSC hüquq-mühafizə orqanlarının apardığı operativ fəaliyyəti təqdir edir və bu kimi halların müəyyənləşdirilməsində yaxından əməkdaşlıq etməyə hazır olduğunu bildirir.

Bəzi xəbər saytlarında bu əməliyyat zamanı istintaqa cəlb edilənlər arasında “Avromed Company” QSC-nin baş direktorunun həyat yoldaşının olduğuna dair yazılar yerləşdirilib.

Bununla bağlı bildirmək istəyirik ki, “Avromed” sahibkar Riad Məmmədova tibbi maska satışı həyata keçirməyib.

Şirkətimiz bu məsələlərlə bağlı hüquq mühafizə orqanları ilə əməkdaşlıq etməyə hazırdır.

Qeyd edək ki, Əzizə Baxşiyeva rəsmi olaraq 20 fevral 2020-ci il tarixindən istefa ərizəsi yazıb və həmin tarixdən 6 mart 2020-ci tarixinədək təhvil-təslim prosesində idi.

Hazırda Ə.Baxşiyevanın “Avromed Company” QSC ilə birbaşa və dolayısı əlaqəsi mövcud deyil.

Sonda isə qeyd etmək istərdik ki, hazırda sürətlə yayılan COVID-19 uşaqlara, hamilə qadınlara təsiri tam öyrənilməmiş yeni bir virusdur.

Amma indiyə qədər müxtəlif yaş kateqoriyasına aid insanların yoluxduğu bu xəstəliyə uşaqlar arasında yoluxma halları nisbətən az olduğu faktdır.

İnfeksiyanın yayılmasının qarşısını almaq üçün təkcə xəstələrin maskadan istifadə etməsi kifayət deyil, həmçinin əlləri tez-tez yumaq, öskürək və asqırıq zamanı ağzı örtmək, soyuqdəymə və qripəbənzər simptomları (öskürək, asqırıq, hərarət) olan hər hansı şəxslə yaxın təmasdan qaçmaq, mütləq şəkildə tibbi müəssiələrə müraciət etmək lazımdır”.

R.Məmmədov Bakıda aptek şəbəkəsinə rəhbərlik edir.

R.Məmmədov həbs edilməsə də, bu işlə bağlı araşdırmalar davam etdirilir. Yekunda o və onunla birgə saxlanılanların əməlinə hüquqi qiymət veriləcək.

Qeyd edək ki, DİN-in sözügedən əməliyyatla bağlı yaydığı açıqlamada qeyd olunurdu ki, son günlər tibbi maskalara artan tələbatdan sui-istifadə edərək qanunsuz yolla gəlirlərini artırmaq istəyən, ayrı-ayrılıqda fəaliyyət göstərən, içərilərində xarici ölkə vətəndaşları da olan bir neçə dəstə ifşa edilib və onların hər bir üzvü saxlanılıb.

Xatırladaq ki, Əzizə Baxşıyeva martın 5-də “Real” TV-yə müsahibə verərək ölkədə yaranan maska qıtlığından danışaraq bütün ölkəni lazımi qədər maska ilə təmin etdiklərini bildirmişdi.

O qeyd edib ki, insanlara lazım olandan daha çox maska alıb evə yığdığı üçün bu sahədə çətinlik yaranıb. Lakin onun əri Riyad Məmmədov 1 milyondan çox maskanı alıb kirayəyə götürdükləri evdə saxlayaraq qıtlıq yaratmaqda ittiham edilir.


Baxış sayı: 2516 | Tarix: 12.03.2020
Bizi Telegramda izləyin: @repostaz