Pakistanın Azərbaycandakı səfirliyi “COVID-19” pandemiyası ilə əlaqədar konsulluq xidmətini dayandırdığını açıqlayıb.
 
RePost.Az-ın məlumatına görə, səfirlikdən APA-ya bildirilib ki, "COVID-19” virusunun yayılması ilə əlaqədar və Azərbaycan hökumətinin qabaqlayıcı addımları nəzərə alınaraq Səfirliyin konsulluq xidmətinin fəaliyyəti martın 30-dək dayandırılır.
 
Fransanın Azərbaycandakı səfiri Zaxari Qros isə Azərbaycanda yaşayan Fransa vətəndaşlarına müraciət edib. Səfir müraciətində ölkəsində sağlamlıq vəziyyətinin çətin olduğunu vurğulayıb, koronavirus pandemiyasının Azərbaycandan da yan keçmədiyini qeyd edib: “Sizi yerli hakimiyyət orqanlarının verdiyi göstəriş və tövsiyələrə hörmət etməyə çağırırıq. Fransa səfirliyi rəsmi saytında mövzuya dair rəsmi və təsdiq edilmiş məlumatları dərc edir.
 
Fransaya qayıtmaq üçün kömək və ya sağlamlığınızda problem olacağı təqdirdə (+994 12) 490 81 00 nömrəli telefonla əlaqə saxlayın. Suallarınızı cavablandırmaq üçün səhər saat 09:00-dan 18:30-dək telefon xətti fəaliyyətədir”.
 
Z.Qros qeyd edib ki, səfirlik açıqdır, lakin onun fəaliyyəti sağlıqla bağlı protokola uyğunlaşdırılıb.
 
“Belə ki, ofisdə daha az olmaq və mümkün qədər telekommunikasiya vasitələrindən istifadəyə diqqət ayrılıb. Sizə cəsarət və dözümlülük diləyir, vəziyyət imkan verdiyi ən qısa zamanda yenidən görüşəcəyimizə ümid edirəm", - deyə səfir müraciətində qeyd edib.
 
Türkiyə səfirliyindən bildirilib ki, səfirlikdə koronavirus təhlükəsi ilə əlaqədar sanitar-epidemioloji qaydalara ciddi şəkildə əməl olunmaqdadır.
 
"Mütəxəssislərin, elm adamlarının məsləhətlərini diqqətdə saxlayırıq. Keçirilməsi planlaşdırılan tədbirlərimiz təxirə salınıb", - deyə səfirlikdən bildirilib.
 
İsrailin Azərbaycandakı səfirliyindən isə deyilib ki, səfirlik müntəzəm şəkildə işinə davam edir: "Biz Azərbaycan hökumətinin tövsiyələrini izləyərək izdihamlı tədbirlər və yerlərdən uzaq oluruq. Konsulluq işimizdə də bəzi dəyişikliklər etmişik, əsasən müraciət edənlərdən əməkdaşlarımızla səfirliyə gəlməzdən öncə məsləhətləşməyi və görüşün təyin olunması üçün müraciət etmələrini xahiş etmişik”.
 
ABŞ-ın Azərbaycandakı səfirliyi həm qlobal, həm də yerli səviyyədə COVID-19 pandemiyasının yayılması ilə əlaqəli məlumatları yaxından izlədiklərini qeyd edib.
 
"Bu mürəkkəb və çətin zamanda bir-birimizə necə kömək edə biləcəyimiz barədə azərbaycanlı həmkarlarımızla müzakirələr aparırıq. Səfirlik fəaliyyətinə davam edir, lakin Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Xəstəliklərə Nəzarət Mərkəzləri tərəfindən hazırlanmış təlimatlara uyğun olaraq telefon, elektron poçt və videokonfranslar vasitəsilə işlərin aparılması və digər sosial uzaqlaşdırma tədbirlərini maksimum dərəcədə artırmışıq. İşçilərimizə əllərini tez-tez 20 saniyə ərzində yumaq, öskürəndə və ya asqıranda ağızlarını yummaq və xəstə olduqları halda evdə qalmağı tez-tez xatırladırıq", - deyə səfirlik bildirib.
 
Almaniyanın Azərbaycandakı səfirliyi isə fəaliyyətində hələlik xüsusi qaydalar tətbiq etməyib. "Azərbaycan XİN-in tövsiyələrinə uyğun olaraq səfirliyin fəaliyyəti davam edir. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında operativ qərargahın göstərişlərini, məlumatlarını yaxından izləyirik", - deyə səfirlikdə qeyd ediblər.
 
Latviyanın Azərbaycandakı səfirliyi isə koronavirus təhlükəsi ilə viza müraciətlərinin qəbulunun dayandırıldığını elan edib. Səfirlik "Facebook" səhifəsində bildirib ki, “COVID-19”un yayılması ilə əlaqədar Latviya hökuməti aprelin 14-dək ölkədə fövqəladə vəziyyət elan edib. Latviyaya edilən bütün uçuşlar, qatar və avtobus xidmətləri ləğv edilib. Bu səbəbdən aprelin 14-dən əvvəl tarixlərə Latviyaya giriş üçün Şengen viza müraciətləri Bakıdakı Latviya səfirliyinin viza xidmətini təmsil edən VFS Global-da qəbul edilməyəcək.
 
Məlumatda qeyd edilir ki, səfirlik martın 29-dək bağlı olacaq, hər hansı sual olarsa, [email protected] elektron poçt ünvanına göndərilə bilər.

Baxış sayı: 862