Müsavat Partiyasının başqanı Arif Hacılı keçmiş silıahdaşı Sülhəddin Əkbərin "Azadlıq" radiosuna müsahibsəinə savab verib. 
 
RePost.Az həmin açılamanı təqdim edir:
 
"Sülhəddin Əkbərin susması bəzi həqiqətlərin deyilməsinə mane olurdu.
 
İndi də özümüz üçün müəyyən etdiyimiz bəzi tabular var. Amma, son günlərdə dediklərinin bir qismi barədə bildiyim həqiqətləri açıqlamağım vacib oldu.
 
MTN nazirinin 1-ci müavinliyinə namizədliyinin irəli sürülməsindən xəbərsiz olması, hazır olmadığı halda bu vəzifəyə təyin olunması barədə dedikləri həqiqətə uyğun deyil.
 
1991-ci ildən Bakıda evi olmayan Milli Məslis üzvlərinə Moskva otelində otaqlar ayrılmışdı. Yaşayış yerimiz bu mehmanxana idi. Orada daim siyasi müzakirələrimiz, ölkənin gələcəyi barədə söhbətləriniz olurdu.
Sülhəddin Əkbər MTN işinə çox maraq göstərirdi. Hətta Naxçıvanda Milli Məclis sədri olan H. Əliyevin qəbulunda olub ondan Naxçıvan MTN naziri təyin olunmasını xahiş etmiş, H Əliyev buna razı olmamışdı.
O dövrdə normal münasibətlərimiz vardı. Ən böyük arzusu MTN naziri olmaq idi və bunu məndən gizlətmirdi.
 
Həm də MTN naziri olarsa Azərbaycan üçün böyük işlər görə biləcəyini deyirdi.
 
1992-ci il 15-16 may günlərində Ali Sovetin binasındakı prezident otağında o vaxt Ali Sovetin sədri və prezident səlahiyyətlərini icra edən Yaqub Məmmədovla vəziyyəti normallaşdırmaq üçün kadr dəyişiklikləri məsələlərini müzakirə edirdik.
GörüşdəYaqub Məmmədov, Əbülfəz Elçibəy, İsa Qəmbər, İskəndər Həmidov, Afiyəddin Cəlilov, mən və səhv etmirəmsə Pənah Hüseyn iştirak edirdi.
 
İskəndər Həmidovun DİN naziri vəzifəsinə namizədliyi yekdil qəbul olundu. Baş Prokurorun dəyişdirilməsi məsələsi müzakirə olunmadı. Çünki, hələ 7 iyun seçkilərinə təqribən 2 aya yaxın müddət qalmış o dövrün Baş Prokuroru Murad Babayevlə Elçibəyin yaşadığı konspirativ mənzildə görüşlərini təşkil etmişdim. Elçibəy prezident seçiləcəyi təqdirdə onu vəzifəsində saxlayacağını demişdi.
 
MTN nazirinin təyinatı məsələsi mübahisə yaratdı.
 
Mən Sülhəddin Əkbərin namizədliyini irəli sürdüm. Yalnız Afiyəddin Cəlilov özünəməxsus jestləri ilə bu təklifə dəstək verdi.
 
İskəndər Həmidov açıq şəkildə etiraz etdi.
Elçibəy Namiq Abbasovun namizədləyini irəli sürdü, İskəndər Həmidov ona da qəti etiraz etdi. Dəstək verən də olmadı. Sonda Yaqub Məmmədov Fəxrəddin Təhməzovun namizədliyini irəli sürdü. Bu namizədə İskəndər bəy də ciddi dəstək verdi.
Təyinatları prezident səlahiyyətlərini icra edən Yaqub Məmmədov edəcəkdi. Fərmanları o imzalayacaqdı. Ona görə də ciddi mübahisə etmədən bu namizədə razılıq verildi.
 
Belə olan halda mən Sülhəddin Əkbərin nazirin birinci müavini təyin olunmasını təklif etdim. Etiraz olmadı. Eyni zamanda təklif etdim ki, onun namizədliyi də Milli Məclisdə təsdiq olunsun.
 
Sülhəddin Əkbər Azərbaycan tarixində təyinatı parlament tərəfindən təsdiq olunan yeganə nazir müavinidir. Bu necə olub, kim bu təklifi verib, bunları da əla bilir.
 
15 may məxməri inqilabı haqqında öz rolu barədə dedikləri də həqiqətə uyğun deyil.
 
Mütəllibovun Şuşanın işğalından istifadə edərək hakimiyyətə qayıtmasına qarşı mübarizə AXC-də vahid mövqe idi.
 
Hələ mayın 13-də əgər 14 may sessiyasında belə cəhd olarsa AXC-nin bununla barışmayacağı, konstitusiyanı müdafiə hərəkatı başlayacağı barədə ilk qərarımız olub.
Həmin gün AXC Ali Məclisinin sədri kimi mənim və AXC İcraiyyə Komitəsin sədri Pənah Hüseynin AXC qərargahında mətbuat konfransımız oldu. Həmin qərarımız bu mətbuat konfransında elan edilib. Bu mətbuat konfransı barədə məlumat o dövrün əksər mətbuat orqanlarında, eyni zamanda beynəlxalq mətbuatda geniş yayılıb.
Mayın 14-də AXC qərargahında AXC Rəyasət Heyəti, AXC İcrayyə Komitəsi və deputat blokumuzun birgə iclası keçirilib.
İclasa mən sədrlik edirdim.
Orada Konstitusiyanı müdafiə hərəkatı elan edildi. AXC qəragahı qarşısında fasiləsiz mitinqlərə başlanması və 15 may günü qərargah qarşısından Ali Sovet üzərinə yürüş edilməsi barədə qərar qəbul olundu.
30-40 nəfərədək hərəkat liderlərinin iştirak etdiyi bu toplantıda yalnız 3 nəfər bu qərarın əleyhinə səs verdi.
 
Sülhəddin Əkbər deyir ki, həmin dövrdə artıq AXC üzvü deyildi.
 
Hətta AXC üzvü olmayan bir şəxsin AXC-nin qəbul etdiyi qərarı öz adına bağlaması absurd deyilmi?
O dövrdə mətbuat konfransları keçirilib, AXC qərargahı, Ali Sovetin binası qarşısında, Azərbaycan televiziyasında hərəkat liderlərinin çoxlu çıxışları, çağırışları olub. Onun bu məsələlərdə hansısa xüsusi fəallığını xatırlamıram.
MTN arxivlərinin açılmasına guya Elçibəy hökumətinin, hətta şəxsən Elçibəyin özünün mane olması barədə deyilənlər də həqiqətə uyğun deyil. Çünki, hər dəfə arxivlərin açılması məsələsi qaldırılanda buna ən çox mane olan o özü olub. Bildirirdi ki, əgər arxivlər açılsa MTN iflic vəziyyətinə düşəcək. Yeni agentura seti yaratmaq mümkün olmayacaq.
 
Bu məsələni qaldırmamağı bir çoxlarından şəxsən xahiş edib.
Mənim heç olmasa yüksək dövlət vəzifələrində olanlar barədə məlumatların açıqlanması təklifimə də qarşı çıxıb. Bu müzakirələr publik olub. Yəqin ki, Milli Məclisin stenoqramlarında qalır. O dövrün mətbuatında da bu barədə yazıların qalmaması mümkün deyil.
 
Absurd iddialardan biri də arxivlə guya tanış olmaq imkanının olmadığı halda kimlərinsə dosyelərinin Elçibəyə təqdim etməsi, prezidentin isə bu barədə tədbir görməməsi iddiasıdır.
Əslində isə Elçibəyi narazı salan Sülhəddin Əkbərin güc nazirliklərini birləşdirib Təhlükəsizlik Şurası yaratmaq və onu həmin şuraya rəhbər, Təhlükəsizlik Şurası Katibi təyin etməsi barədə təklifi idi.
Həmin təklifin, həm də Elçibəy komandasının əsas fiqurlarına yox, məhz ona etimad göstərilməsinin vacibliyi, hətta yerliçilik kontekstində deyilməsi prezidenti çox narazı salmışdı.
 
Füzuli rayonunda İsa Qəmbərin müdafiə naziri təyin olunması ilə bağlı söhbətdə mən də iştirak etmişəm. Bu söhbət həqiqətən olub. Həmin dövrdə Kəlbəcər işğal olunmuşdu. Füzuli və bir neçə rayonumuz işğal təhlükəsi altında idi. İsa Qəmbərin təklifi əslində bu çətin dövrdə məsuliyyəti üzərinə götürmək, üstün və daha asan parlament sədri vəzifəsindən daha çətin və məsuliyyətli vəzifəyə keçmək təklifi idi.
 
Elçibəy bu təklifə qarşı çıxmadı. O hesab edirdi ki, parlamentin sədrliyi çox mühüm məsələdir. İsa Qəmbərin bu vəzifədə olması daha vacibdir. Onu əvəz edəcək Milli Məclis üzvü kim ola bilər? Elçibəyi bu sual düşündürürdü.
Sülhəddin Əkbər Afiyəddin Cəlilovun adını çəkdi. Elçibəy dedi ki, əgər Arif Hacılını parlamentin sədri seçə bilərsinizsə İsa Qəmbəri Müdafiə Naziri təyin edərəm.
Söhbət belə yekunlaşdı.
 
O söhbət zamanı Azadlıq qəzetinin əməkdaşı İsrail Musayev də orada idi. Çəkiliş aparırdı. Bəlkə də həmin çəkiliş indi onun arxivindədir.
Orada Sülhəddin Əkbərin Müdafiə Nazirinin müavini olması söhbətini xatırlamıram. Yəqin ki, ola da bilməzdi. Çünki o, elə güc nazirliklərinin birinində nazirin 1-ci müavini idi.
Yaxın zamanlarda nazir, hətta güc nazirlikləri üzərində Təhlükəsizlik Şurası Katibi təyin ediləcəyini gözləyirdi.
 
Əslində bu həqiqətlər Elçibəy hökumətində yüksək dövlət rəhbərliyində olanların əksəriyyətinə məlumdur.
Daha vacib işlərin olduğu indiki dövrdə Rəsulzadənin portretinin altından durub, Rəsul Quliyevin portretinin altında əyləşməyi özünə rəva bilmiş bir siyasət adamının dediklərinə əhəmiyyət verməmək də olardı.
Amma Rusiyanın İlham Əliyevə qarşı olduğu iddiaları fonunda Elçibəyin Rusiyanın planını həyata keçirməkdə ittiham edilməsinə, bütövlükdə Azərbaycan Xalq Hərəkatının tarixinə çamur atılmasına əhəmiyyət verməmək mümkün deyil".

Baxış sayı: 3884 | Tarix: 09.06.2020
Bizi Telegramda izləyin: @repostaz