Məbuatda oxuyuruq ki, Fransada Napoleonun ata yurdu olan Korsikanın müstəqilliyini dəstəkləyənlər həbs olunur. Fransanın xüsusi xidmət orqanları Korsika adasında genişmiqyaslı əməliyyat keçirib Azadlıq Cəbhəsi ilə əlaqəli olduğu iddia edilən 10 nəfəri saxlayıb ki, siz separatçısınız...
 
Həəə, Müsyö, güzgü bol olar siz tərəflərdə, bir aynada özünüzə baxsanız! Baxıb özünüzü görsəniz neçə sifət var... Biz sizi yaxşı tanıyırıq.
 
Siz o Fransa deyilmisiniz ki, 30 il bizim yuxarı Qarabağın qondarma “müstəqilliyini” dəstəkləyən Ermənistanı və Qarabağı bizdən qopartmaq istəyən separatçıları dişlə-dırnala müdafiə edirdiniz və hər cür yardım göstərirdiniz. Üç “Sülhyaratma turistindən” biri kimi 30 il gəlib-gəzib-yeyib-içib gedirdiniz. Və bizim başımızın altına yastıq qoyub, erməninin kürəyinə sığal çəkirdiniz.
 
Və siz o Fransa deyilmisiniz ki, biz sizin oyunlardan cana yığılıb torpaqlarımızı özümüz azad edəndən və xüsusi xidmət qurumları antiterror əməliyyatı keçirib separatçıları iti qovan kimi Qarabağdan qovandan, ərazimizdə onların kökünü kəsəndən sonra da buralardan əl çəkmədiniz. Binokl asılmış yaxanızı cırırdınız ki, bəs zavallı ermənilər geri qayıtmalıdır. Bəs demokratiya belə gəldi, humanizm elə getdi, insan haqları filan-beşməkan...
 
Noldu bəs, Müsyö? (“Noldu, Paşinyan!”) İndi iş özünuzə çatanda korsikalıları həbs edirsiniz? Deyirsiniz niyə onlar müstəqillik istəyir?
 
Siz əgər elə güclü demokrat, sarsılmaz humanist, əqidəli insan haqları təəssübkeşisinizsə, ermənilər kimi korsikalılara da dəstək verin da! Deyin onların da “öz müqəddəratını təyin etmək” hüququ var. Bəs niyə o zavallıları tutursunuz?
 
Yoxsa erməni separatçısı yaxşı separatçıdır, Korsika separatçısı pis separatçı?!
 
Həəə... Müsyö! Belə-belə işlər... Odur ki, gedin əvvəlcə güzgüdə özünüzə yaxşı-yaxşı baxın, özünüzü tanıyın, sonra gəlib başqa ölkələrin sərhəddindən içəri burun uzadın!
 

Baxış sayı: 331 | Tarix: 22.05.2025
Bizi Telegramda izləyin: @repostaz