Yasamalda saxlanılan şəxslərin yaxınları muraciət yaydı - VİDEO/FOTO
Bakının Yasamal rayonundakı əməliyyat zamanı saxlanılan Ayxan Həsənlinin bacısı Aydan Həsənli videomüraciət yayıb.
RePost.Az-ın xəbərinə görə, Aydan Həsənli videomüraciətdə bildirib ki, baş vermiş hadisələrlə bağlı Prezident İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya şikayət ediblər:
“Biz təşəkkürümüzü bildiririk ki, bizim şikayətimizə baxıldı və lazımi tədbirlər görüldü. Polis əməkdaşlarımıza da təşəkkürümüzü bildiririk ki, bizə lazımi hər cür kömək göstərildi”.
Həmçinin, hadisə baş verəndən sonra Amil Mahmudovun anası Rəfiqə Mahmudova və həyat yoldaşı Lalə Mahmudova Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ediblər.
Amil Mahmudovun anası Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət etdiyini bildirib: "Birinci vitse-prezident Mehriban Əliyevaya ana kimi müraciət etdim ki, mənim övladımın işinə ədalətli baxılsın. Müraciətimə baxıldı və bu gün övladımla görüşdüm, vəziyyəti yaxşıdır. Mənim səsimə səs verdikləri üçün onlara minnətdaram".
Amil Mahmudovun həyat yoldaşı Lalə Mahmudova isə bildirib ki, onların müraciətindən sonra məsələyə baxılıdı və dəstək göstərildi: "Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciətimizdən sonra bizə dəstək oldular. İndi hər şey yaxşıdır, heç bir problem yoxdur. Buna görə də dövlətimizə, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürümü bildirirəm".
Xatırladaq ki, iyunun 7-də Yasamal rayonunda gücləndirilmiş karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarının üzərinə məişət tullantıları atan 11 nəfərin saxlanılma videoları yayılmışdı. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov açıqlamasında bildirmişdi ki, həmin görüntülərlə bağlı araşdırmalar aparılır. İstər polis əməkdaşı, istərsə də vətəndaş tərəfindən yol verilmiş hər bir qanunazidd hərəkət hüquqi qiymətini alacaq və nəticələri üzrə müvafiq tədbirlər görüləcəkdir.